CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qubada dəhşətli qətliam yad edilib

Abunə olmaq
Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 31 mart — Sputnik. Bu gün erməni daşnaklarının bolşeviklərlə birlikdə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 99 il ötür.

Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər.

Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. 

© Sputnik / Leyla AbdullayevaQuba rayon ictimaiyyəti Soyqırımı abidəsini ziyarət edib
Quba rayon ictimaiyyəti Soyqırımı abidəsini ziyarət edib - Sputnik Azərbaycan
Quba rayon ictimaiyyəti Soyqırımı abidəsini ziyarət edib

1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib.

Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub. 1998-ci il martın 26-da prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb.

Həmin gündən başlayaraq 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur. 

Quba rayonunda da rayon ictimaiyyəti bu günü dərin hüznlə qeyd edib. Quba rayon icra başçısı və digər qurumların rəhbər şəxsləri, eləcə də nümayəndələri soyqırımı abidəsinin önünə gül qoyaraq qurbanları yad ediblər.

Xatırladaq ki, 2007-ci ildə, şəhər stadionun təmiri üçün qazma işləri aparılarkən kütləvi qəbiristanlıq aşkar edilib və işlər təxirə salınaraq bölgəyə mütəxəssislər cəlb olunub. Qubadakı məzarlıqda tapılan sümüklərin ermənilərin 1918-ci ildə törətdiyi soyqırımı qurbanlarına aid olduğu təsdiqlənib. 

Quba şəhər stadionunun direktoru Ələddin Mirzəyevin sözlərinə görə, bu ərazidə heç vaxt qəbiristanlıq olmayıb. Ən dəhşətli məqam isə aşkar edilmiş ərazidə insan kəllələri və bədən sümüklərinin ayrı-ayrı basdırılmasıdır. Bu da onların başlarının xüsusi qəddarlıqla kəsildiyini göstərir. 

Buradakı insan sümüklərinin töküldüyü yerə məzarlıq da demək düzgün olmaz. Çünki insan sümükləri bir-birinin üstündə tapılıb. Sümüklər Qudyalçayın sahilindəki iki quyuda aşkarlanıb. Böyük quyunun diametri 5, kiçik quyunun diametri isə 2,5 metrdir. Quyular arasında 2 metr məsafə var. Böyük quyuda yüzlərlə insan skeletləri tökülüb. Skeletlərin bütöv halda tapılmaması insanların öldürüldükdən sonra sanki şaqqalanaraq bura atıldığını göstərir.

Xəbər lenti
0