CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Mənə kafir gülləsi dəyməzdi..."

© Sputnik / Rahim MuradovTürk məzarı
Türk məzarı - Sputnik Azərbaycan
Abunə olmaq
Bir gündə Gərmətük kəndində 70, Mamusta kəndində 30-a yaxın, Kərgəlan kəndində 30 nəfər, Sütəmurdovda 20-dən çox, Girdəni kəndində 20-dək dinc sakin qətlə yetirilir

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 31 mart — Sputnik. Ötən əsrin əvvəllərində yaşanan mart soyqırımı Lənkəran qəzasından da yan keçmədi. Şamaxıda, Qubada və Bakıda minlərlə azərbaycanlını qətlə yetirən erməni yaraqlılarının növbəti planı Lənkəran qəzası oldu.

17 mart 1918-ci ildə şəxsi heyəti müsəlmanlardan ibarət olan "Evelina" gəmisi, milyonçu Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmməd Tağıyevin cənazəsini Lənkərandan Bakıya gətirirdi. Məhəmməd Tağıyev "Rus ruleti" adlanan oyun zamanı beyninə açılan atəş nəticəsində həlak olmuşdu.

Bakıya çatan "Evelina" gəmisinin 48 nəfərdən ibarət şəxsi heyəti M. Tağıyevi dəfn etdikdən sonra Lənkərana qayıtmalı idi. Lakin gəmi limandan uzaqlaşmamış daşnak-bolşevik silahlıları gəmidəki dəstənin tərksilah olunmasını tələb edir. Rədd cavabı gəldikdə isə gəmiyə pulemyotlardan və tüfənglərdən atəş açılmağa başlayır.

Gəmidəkilər əsir alınır, onların silahları müsadirə olunur. Əlverişli məqamın yetişdiyini görən ermənilər gizli şəkildə Rus Milli Şurası, Xəzər matrosları, Eser və Menşevik partiyaları arasında belə bir şayiə yayırlar ki, guya "Evelina" ilə gedən zabitlər, Lənkəranda müsəlman hərbi dəstələri ilə birləşib, Muğandakı rus-malakan kəndlərini məhv etmək tapşırığı alıblar. Bununla da həmin hərbi-siyasi qüvvələr "Evelina" gəmisinin şəxsi heyətinin tərksilah edilməsinə tərəfdar olur. Beləliklə, mart qırğınlarının Lənkəran səhifəsini yazmaq üçün ermənilərin əlinə bəhanə keçir.

© Sputnik / Rahim MuradovTürk şəhid məzarları
Türk şəhid məzarları - Sputnik Azərbaycan
Türk şəhid məzarları

Ermənipərəst Şivkunovun quldur dəstəsi Lənkəran xanı Mirəhməd Xanın evini ələ keçirib özünə qərargah edir. Onlar kənddə silahlı dəstələrin olduğunu bəhanə edərək Sütəmurdov kəndini mütəzəm olaraq bir neçə gün atəşə tuturlar. Kənddə yanğın və talanlar törədirlər. Bu haqsızlıqları görən 13 nəfər kənd ağsaqqalı Şivkunovun yanına gedib atəşi dayandırmağı xahiş edir. Lakin barışığa gələn ağsaqqallar girov götürülür. Sonradan isə başları kəsilir. Bununla vəziyyəti daha da gərginləşir.

Qətlə yetirilən ağsaqqalların cəsədləri gizlicə Lənkərançayla Xəzər dənizinin qovuşduğu ərazidə — sahildə basdırılır. Kənd sakinləri isə yalnız bir neçə gün sonra bu hadisədən xəbər tuturlar və sakinlər tərəfindən onları meyitləri həmin yerdən çıxarılaraq kənd qəbristanlığına aparılır.

Sütəmurdov kənd sakini Hacı Fəxri Sadıqovun babası da vəhşicəsinə qətlə yetirilmiş həmin 13 ağsaqqalın içərisində olub. "Ağsaqqalları doğrayaraq qətlə yetiriblər. Elə günə salıblar ki, meyitləri hansısa əlamətlərindən tanıyıblar. Babam Şeyx Ənnağı Məşədi Əbdülhüeyn oğlunu saqqalına qoyduğu hənadan tanıyıblar" — deyir Sputnik Azərbaycan-ın həmsöhbəti.

© Sputnik / Rahim MuradovSütəmurdov kənd sakini Hacı Fəxri Sadıqov
Sütəmurdov kənd sakini Hacı Fəxri Sadıqov - Sputnik Azərbaycan
Sütəmurdov kənd sakini Hacı Fəxri Sadıqov

Qırğınlar davam edir…

Lənkəran qəzasında yaşanan qırğınlar bununla yekunlaşmır. 1918-ci ilin mart soyqırımları vaxtı Lənkəran qəzasında 40-dan artıq kənd yandırılır, yüzlərlə dinc sakin qətlə yetirilir. Bəzi kəndlərdə erməni daşnakları evlərə girərək bütün ailələri məhv edirlər, qocalara və hətta hamilə qadınlara da rəhm edilmir. Təkcə Gərmətük kəndində bir gün ərzində 70-dək, Mamusta kəndində 30-dək, Kərgəlan kəndində 30 nəfər, Sütəmurdovda 20-dən çox, Girdəni kəndində 20-dək dinc sakin qətlə yetirilir.

1918-ci ildə Lənkəran şəhəri və ətraf kəndlərin əhalisi Osakücə meşəsinə çəkilərək özlərinə sığınacaq tapır. Ara sakitləşəndən sonra evlərinə qayıdan sakinlər bir daha erməni vəhşiliklərinin şahidi olurlar: Evlər top mərmisi ilə dağıdılıb, dükanlar qarət edilib, insanlar vəhşicəsinə qətlə yetirilib.

Lənkəran qəzasında və ətrafda Şivkunovun və Əmiryanın törətdiyi qanlı cinayətlərin qarışı Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi ilə alınır. Ordunun Lənkəran qəzasına gələn hissəsinə Camal Yusuf Paşa komandanlıq edirdi.

"Kafir gülləsi mənə dəyməz"

Lənkəranda qırğınlar törədən Şivkunovun dəstəsi və erməni daşnakları gəmilərlə Lənkəranı tərk edərək, bu dəfə Astara ərazisini hərbi gəmilərdən top atəşinə tutmağa başlayırlar. Camal Yusuf Paşanın rəhbərlik etdiyi 500 nəfərlik dəstə sonradan Astara əhalisinin də köməyinə yetişir.

© Sputnik / Rahim MuradovHacı Teymur məscidi
Hacı Teymur məscidi - Sputnik Azərbaycan
Hacı Teymur məscidi

Həmin vaxt Astaranın Pensər (o vaxtkı Bütəsər) kənd sakini, xeyriyyəçisi Hacı Teymur və onun oğlu Hacı Osman öz yardımlarını Camal Yusuf Paşanın dəstəsindən əsirgəmir. Hacı Osmanın nəticəsi və hazırda Pensər kəndində yaşayan İntizar Mürsəlov o dövrü belə anladır: "Babam xilaskar əsgərlərə geyim, yemək və digər yardımlar edib. Camal Yusuf Paşa erməni daşnak qüvvələrinin dənizdən gələrək Astara ərazisində qırğınlar törətməsinin qarşısını alırdı. O, quldurların gəmilərdən enərək sahilə çıxmasına imkan vermirdi. Ulu babam Hacı Osman da Camal Yusuf Paşa ilə yaxından dost olub və onunla bərabər döyüşlərdə iştirak edib".

"Camal Yusuf Paşanın bir məşhur deyimi olub: "Kafir gülləsi mənə dəyməz". Lakin onu satırlar. Camal Yusuf Paşanın komandanlıq etdiyi dəstə daşnakların gəmilərdən sahilə çıxmalarına imkan vermirmişlər. Buna görə də ermənilər kənd ərazisinə kəşfiyyatçı buraxırlar. Kəşfiyyatçı da Camal Yusuf Paşanın və Hacı Osmanın qaldığı, Kərbəlayi Bayramın sahibi olduğu obyektdən dəniz sahilinə kimi addımla sayaraq, məsafəni kömürlə bir kağız parçasına yazır və gəmilərə ötürür. Gəmidən də təqribi ölçmə nəticəsində Kərbəlayi Bayramın obyekti topla dağıdılır. Ağır yaralanan ulu babam Hacı Osman və Camal Yusuf Paşa at arabası ilə ordunun yerləşdiyi qərargaha, yəni indiki Pensər kəndi ərazisinə gətirilir. Arabaya qoyularkən Camal Yusuf Paşa yaralı vəziyyətdə əlindəki qamçını qaldıraraq deyir: "Mənə kafir gülləsi dəyməzdi, əgər namərdlər yerimi deməsəydilər". Babam Hacı Osman isə vəsiyyət edir ki, onu atası Hacı Teymurun tikdirdiyi məscidin həyətində dəfn etsinlər" — danışır İ. Mürsəlov.

Kəndə çatmayaraq, hər ikisi yolda dünyasını dəyişir. Kənd camaatı da onları Hacı Teymur məscidinin həyətində dəfn edir: "Hacı Osman və Camal Yusuf Paşa qətlə yetirildikdən sonra, erməni quldur dəstələri Hacı Osmanın böyük qardaşı Əzizi öz evində qətlə yetirir və evlərini yandırırlar. Mən böyüklərdən eşitmişəm ki, ulu babam Hacı Osman və Camal Yunus Paşa yan-yana basdırılıblar və onlar üçün xüsusi olaraq kərpicdən hörülmə məzar salınıb. Lakin hərəsi üçün ayrıca məzar daşı qoyulmur, ikisi üçün bir məzar daşı qoyulur".

Ədalətin bərpası

Mürsəlovun sözlərinə görə, sovet hakimiyyəti dövründə həmin qəbirlərin yeri gizli saxlanılır: "Sovet hökuməti dağılandan sonra Telman kəndində yaşayan Molla Rəhim adlı bir kişi mənə dedi ki, Hacı Teymurun məscidinin günbəzinin qarşısından üzü qibləyə tərəf 30 addım getsəm, orada iki qəbir tapacam. Biz böyüklərimizdən eşitmişdik ki, orada Hacı Osman və bir türk şəhidi dəfn edilib. Lakin Sovet hakimiyyəti vaxtı qorxumuzdan qəbirləri ziyarət edə bilmirdik. Çünki qəbirləri və müqəddəs yerləri ziyarət etmək qadağan edilmişdi".

© Sputnik / Rahim MuradovHacı Osman Paşa və Camal Yusuf Paşanın qəbrləri
Hacı Osman Paşa və Camal Yusuf Paşanın qəbrləri - Sputnik Azərbaycan
Hacı Osman Paşa və Camal Yusuf Paşanın qəbrləri

"Mən Sovet hakimiyyəti dağılandan sonra Molla Rəhimin dediyi kimi etdim və ulu babam Hacı Osmanın və Camal Yusuf Paşanın qəbrini aşkar etdim. Maraqlısı burdadır ki, uzun illər məscid həyətində olan qədim qəbirlər dağıdılsa da, bu iki qəhrəmanın qəbri dağıdılmayıb" — müsahibimiz bildirir.

İntizar Mürsəlov hər iki qəbri tapdıqdan sonra öz vəsaiti hesabına ulu babasına məzar daşı qoydurur. Paralel olaraq, Camal Yusuf Paşanın qəbrini bərpa etdirməsi üçün, Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət edir. Nəhayət, 2 dekabr 2016-cı il tarixdə səfirliyin vəsaiti hesabına hər iki məzar bərpa edilir və ətrafında Azərbaycanla Türkiyənin bayraqları ucaldılır.

Xəbər lenti
0