BAKI, 31 mart — Sputnik. Azərbaycanda əhalinin böyük əksəriyyəti internet istifadəçisidir. Amma abunəçilər heç də pul verərək istifadə etdikləri internetdən razı deyillər. Bəzi istifadəçilər internetin qiymətindən, bir çox müştərilər isə internetin sürətindən narazıdırlar.
Evdə və ya işdə tez-tez "internet ölüb" sözlərini eşidirik. Bəziləri çıxış yolunu müxtəlif dövlət və özəl provayderlərə müraciət etməkdə görsə də, nəticə dəyişmir. Demək olar ki, Azərbaycanda fəaliyyət göstərən istənilən internet provayderi istehlakçılara eyni internet əzabını yaşadır. Sputnik Azərbaycan-ın əməkdaşı ölkədə yaşanan bu problemin kökündə hansı səbəblərin durduğunu araşdırıb.
"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Azərbaycanda internetin keyfiyyəti və qiymətində problemlər olduğunu deyib: "Qonşu ölkələrlə müqayisə edəndə görmək olur ki, bizdə vəziyyət o qədər də qənaətbəxş deyil. Azərbaycanda internet satışı bazarında qiyməti azad rəqabət yox, dövlət provayderi müəyyən edir. Özəl şirkətlər də bu qiymətlərə uyğun olaraq öz qiymətlərini nizamlayır".
"Ötən illərə nəzər salsaq, görərik ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (indiki Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi — red.) təşəbbüsü ilə dövlət provayderləri qiyməti aşağı salır, özəllər də məcbur olub qiymətləri endirirdilər. İndi də eyni vəziyyətdir. Özəllərə qiymətin baha olduğunu söyləyəndə, deyirlər ki, dövlət provayderləri qiymətləri aşağı salsın, biz də salaq" — ekspert bildirib.
O, hesab edir ki, nazirlik bu məsələyə ciddi nəzarət etməli, qiymət qalxırsa, sürətin də heç olmasa, 2 dəfə artırılmasına nail olmalıdır: "Provayderlər az pul xərcləyərək, çox pul qazanmaq istəyir. Bir çox provayderlər müştəriləri sürətdə aldadır. Məsələn, 4 Mbit/s verməli olduğu halda müştəriyə 2-3 Mbit/s sürət ötürür. Düzdür, bəzən xətlərdə də problem yarana bilər. Bu zaman yaşananlar provayderlərin günahı deyil. Amma Bakı şəhərinin mərkəzində demək olar ki, xətlərdə problem yoxdur. Bakı ətrafında və regionlarda yaranan internet problemində isə provayderlər də, nazirlik də günahkardır".
"Həm dövlət, həm də özəl provayderlərin "Delta Telkom"a böyük məbləğdə borcları var. Hətta borca görə "Delta Telekom" bir çox provayderləri məhkəməyə də verib. "Delta Telekom"a borcunu ödəməyən provayderlərə sürət az verilir, nəticədə onlar da müştərilərə sürəti az ötürür" — deyə Osman Gündüz əlavə edib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Tahir Məmmədov də Sputnik Azərbaycan-a açıqlamasında məsələyə münasibət bildirib. O deyib ki, nazirlik bu sahədə dövlət siyasətini həyata keçirən və tənzimləmə funksiyasını yerinə yetirən icra orqanıdır: "Xidmətlərin keyfiyyətinə provayderlər özləri cavabdehdir. Bu, həm dövlət, həm də özəl provayderlərə aiddir. İnterneti istifadəçilərə çatdıran xidmət provayderlərə aiddir. İstifadəçilər istənilən xidmət keyfiyyətindən narazı qaldıqları halda, provayderə rəsmi və qeyri-rəsmi şəkildə narazılığını bildirməlidir".
"Provayderlə müştərilər arasında olan münasibətlər iki tərəf arasında olan xidmət və kommersiya münasibətləridir. Nazirlik buna birbaşa qarışa bilmir. Çünki həmin şirkətlərin özünün kommersiya fəaliyyəti var. Onlar texniki parametirləri, ölçülü interneti hansı qiymətə satmağı özləri müstəqil şəkildə tənzimləyirlər" — nazirlik rəsmisi bildirib.
Şöbə rəisi onu da qeyd edib ki, söhbət xətt şəbəkəsindən gedirsə, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi nazirliyin nəzdində olan qurum kimi yeni xətlərin çəkilişini davam etdirir: "Bakı və Bakı ətrafında kabel-kanal quyularında normativlərə uyğun infrastrukturu qurmaq üçün iş aparılır. Bu günə kimi o quyularda çoxlu texniki problemlər mövcud idi. Bu da internet siqnallarının ötürülməsi üçün ciddi problemlər yaradırdı".
Onun sözlərinə görə, hazırda "Baktelekom" "Evədək, ofisədək hiberoptik" layihəsini həyata keçirir: "Bu xidmət vasitəsi ilə internet, multimediya və İP telefoniya hiperoptik xətt vasitəsilə bir xətt üzərindən eyni zamanda verilir. Müasir müştərilərin tələbləri budur".
T. Məmmədov əlavə edib ki, digər müştərilər kimi, o özü də istifadə etdiyi provayderdən bəzən narazı qalır: "Ümumilikdə bu sahədə olan problemlər nazirliyə bəllidir və birmənalı olaraq diqqət mərkəzindədir. İnfastrukturda aparılan işlər ona yönəlib ki, yaxın gələcəkdə bu problemlər aradan qaldırılsın. Bunlar sadəcə zaman tələb edən işdir".
Qeyd edək ki, ötən ilin əvvəlində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin açıqladığı rəsmi statistikaya görə, Azərbaycan əhalisinin 70 faizdən çoxu (təxminən 76 faiz) internet istifadəçisidir. Onlardan 65 faiz isə genişzolaqli internet istifadə edir. 76 faiz, təxminən 7 milyon insan deməkdir. Belə çıxır ki, Azərbaycanda 7 milyon insan böyük bir haqsızlığın burbanıdır, həm də bunun üçün pul ödəyərək…