BAKI, 30 mart — Sputnik. Sputnik Azərbaycan-ın əməkdaşı bir neçə gün öncə Novxanı — Sumqayıt istiqamətində dəniz kənarında çirkab sularının açıq şəkildə dənizə axıdıldığıan şahid olub. Qeyd edək ki, iri diametrli kanalizasiya borusundan dənizə axıdılan kanalizasiya suları ərazinin çirklənməsinə səbəb olub. Ərazidə uçuşan qağayılar və digər quşlar kanalizasiyadan axan zir-zibillə, artıqlarla qidalanmaq üçün yığılıb.
Kanalizasiya sularının axım sürəti güclü olduğu üçün torpaqda böyük yol açaraq dənizə axırdı. Qeyd edək ki, həmin ərazi "xalq plyajı" da adlanır. Yaxınlıqdakı qəsəbələrin sakinləri isti yay günlərində əraziyə istirahət üçün gəlir və dənizdə çimirlər.
Ərazidə nə baş verir?
4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin sektor müdiri Asəf Bayramov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, həmin ərazidən iri diametrli kanalizasiya xətti keçir: "Qəza baş verdiyi üçün Sumqayıt Sukanal İdarəsi tərəfindən müvəqqəti olaraq təxliyyə xəttinin siyirtməsi açılıb və yağış, drenaj, kanalizasiya suyu həmin əraziyə axıdılıb. Təmir işləri bitdikdən sonra siyirtmə bağlanıb və çirkab suyu axıdılmasının qarşısı alınıb. Hal-hazırda ərazi nəzarətdə saxlanılır".
"Azərsu" ASC-nin mətbaut xidmətinin rəhbəri Anar Cəbrayıllı da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq həmin ərazidə çirkab suların axıdılması dayandırılıb: "2011-2012-ci illərdə "Azərsu" ASC-nin sifarişi əsasında Novxanı-Corat çimərlik zonası, Sumqayıta qədər bütün dənizboyu ərazilərdə dənizə birbaşa axıdılan suların qarşısını almaq üçün kollektor inşa edilib. Eyni zamanda, nasos stansiyalar tikildi ki, bu satnsiyalar vasitəsilə orda toplanan sular Sumqayıt çirkab su təmizləyici qurğusuna yönəlir. Hal-hazırda o sistem tam işləyir".
A. Cəbrayıllı bildirib ki, bu yaxınlarda ərazidə qəza baş verdiyi üçün həmin su təxliyyə xəttinə yönəldilib: "Ərazidə təmir işləri görüldüyü 5-6 saat müddətində su birbaşa dənizə axıdılıb. Amma hazırda ərazidən dənizə su axıdılmır. Həmin ərazidə evlərin, ictimai iaşə obyektləri, restoranların tullantı suları Sumqayıt su təmizləyici qurğusuna yönəldilib. Orada təmizləndikdən sonra kənarlaşdırlır".
Çirkab suları dənizə axıdılmalıdırmı?
"Energetika və Ekologiya" İB-in sədri, ekoloq Vaqif Əliyev Sputnik Azərbayacan-a açıqlamasında bildirib ki, çirkab sularından azad olmaq üçün onları kanalizasiya qurğuları vasitəsilə dənizə, çaylara və ya digər münasib su hövzələrinə axıdırlar: "Lakin burada çirkab sularının təsnifatına baxmaq və müvafiq təmizləyici sanitar tədbirlər görüldükdən sonra axıtmaq məsləhət görülür. Çirkab suları dedikdə axar suyun müxtəlif sənaye və məişət tullantıları, həmçinin atmosfer yağmurları vasitəsilə çirklənməsi başa düşülür. Bəzən və ya çox vaxt bu çirklənmələr qanunla tənzimlənən gigiyena normalarından artıq olur. Buna görə də onları ətraf mühitə atmazdan öncə müvafiq üsullarla təmizləmək tələb olunur".
Ekoloq qeyd edib ki, çirkab suları mənşəyi və çirklənmə dərəcəsinə görə müxtəlif olur: "Məişət və fekal tərkibli sular yaşayış binalarından axıdılan sulardır. Onların əsas çirkləndirici amilləri fizioloji və məişət mənşəli çirkləndiricilərdən ibarətdir. Sözsüz ki, gigiyena normalarından yüksək olduqda müvafiq təmizləyici qurğular və neytrallaşdırıcı vasilərdən istifadə etməklə müəyyən olunmuş normalara uyğunlaşdırdıqdan sonra su hövzələrinə axıtmaq olar".
Texnoloji proseslər zamanı yaranan sular sənaye müəssisələri tərəfindən atılan çirkab sularıdır. Bu sular ətraf mühit üçün ən təhlükəli sayılırlar. Tərkibi müxtəlif kimyəvi və toksiki qarışıqlardan ibarətdir. Onlar ilkin olaraq mütləq təmizlənməlidir. Çünki təmizlənməmiş halda su hövzələrinə axıdılarsa mühitin ekoloji çirklənməsinə səbəb ola bilər.
V. Əliyevin sözlərinə görə, atmosfer xarakterli çirkab sularının tərkibi mineral qarışıqlar olduğundan, ətraf mühit üçün digər nümunələrdən daha az təhlükəli sayılır: "Bunları zərurət olmadıqda təmizləməmək də olar. Ümumiyyətlə istər çirkab suları, bərk tullantılar və hətta qaz halında tullantılar belə, utilizasiya oluna bilirsə, onları təkrar istifadəyə qaytarmaq daha məqsədəuyğundur. Bu mümkün olmadıqda, çirkab suları təhlükəsiz hala gətirilərək su hövzələrinə axıdılmalıdır. Bərk tullantılar ya basdırılmalıdır və ya yandırılmalıdır. Qaz halında olan tullantılar tutduqları fəzada miqrasiya edirlər".
Orqanizm üçün təhlükə mənbəyi
Dermatoloq Elçin Sadıqov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, çirkab suların tərkibində olan bəzi maddələr bədəndə infeksion, parazitar xəstəliklərə gətirib çıxara bilər: "Bəzən çox xlorlu sular belə, bədəndə "kontakt dermatit" dediyimiz xəstəliyə səbəb olur. Quru dərili insanlarda çirkab sularda çimmək bəzi xəstəliklərin yaranmasına gətirib çıxarır. Ekzema, dertmatit və s. bu qəbildən xəstəliklərdir".
Terapevt Məlahət Abbasova isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dəniz suyunun udulması zamanı müxtəlif xəstəliklər ortaya çıxa bilər: "Əgər dənizə çirkab suları axıdılıbsa, bu, orqanizm üçün konkret təhlükə mənbəyidir. Bu sular udularsa, mədə-bağırsaq xəstəliklərinə, müxtəlif infeksion xəstəliklərə, hətta zəhərlənməyə belə səbəb ola bilər. Odur ki, dənizə gedərkən çalışın ki, suyun monitorinqi nəticəsində təmiz hesab edilən ərazilərə gedəsiniz. Əks halda bunun ağır fəsadları ilə qarşılaşa bilərsiniz".
Deyirlər ki, dəniz suyu bədəndə olan səpkiləri, qızartıları aparır, insana gümrahlıq verir. Buna görə də, yayda sərinliyə çıxmaq istəyənlər dənizə üz tuturlar. Amma dəniz də belədirsə…