Şair Ramaldanov,
hərbi ekspert, ehtiyatda olan polkovnik
BAKI, 30 mart — Sputnik. Bu günlər Qarabağ klanı aktivləşib, səbəb isə seçkiqabağı kampaniyada Ermənistanda iqtidarda olan partiyanın fəaliyyətini dəstəkləməkdir. Hər dəfə bu mövzuda müəyyən çıxışlar etməklə daha bir məqsəd seçkiqabağı kampaniyada maksimum dividendlər qazanmaqdır.
O ki, qaldı Ter Tadevosyanın özünün dediklərinə, mən birinci nəyə diqqət yetirmək istəyirəm: Onun açıqlamaları tamamən yalanlar, iftiralar üzərində qurulub. O deyir ki, aprel hadisələri zamanı Azərbaycan hücum əməliyyatı keçirib. Əslində isə Azərbaycan əks-həmlə əməliyyatı keçirərək düşmən təxribatının qarşısını alıb.
Ermənilər martın sonlarında və aprel ayının əvvələrində müəyyən bir şəkildə aktiv hərəkətə keçdilər. Azərbaycan Silahlı Qüvvələri aprel döyüşlərində düşmənin qarşısını aldı və əks zərbə əməliyyatı keçirərək bir sıra məntəqələri, xüsusilə də bəzi yüksəklikləri azad etdi və həmin ərazilərə yaxın olan yaşayış məntəqələrimizin təhlükəsizliyini təmin etdi. Bu, Azərbaycan Ordusu tərəfindən mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün keçirilən əməliyyatdır, hücum əməliyyatı deyil. Çünki hücum əməliyyatı keçirən tərəf müəyyən hazırlıqlar görür. İndi mənim o "generala" taktikadan dərs verəmək fikrim yoxdur, nə də onu öyrətmək istəyirəm ki, hücum əməliyyatı keçirəndə hansı tədbirlər görülür.
O ki, qaldı 12 məntəqənin və yaxud hədəflərin vurulmasına, niyə 12-dir? 14-15, ya da 20 deyil? Bunlar açıqlanmır. Bizim bütün obyektlər Azərbaycan Silahlı Qüvvələri tərəfindən havadan daha da gücləndirilmiş şəkildə müdafiə olunur. Eyni zamanda, Hərbi Hava Qüvvələri tərəfindən mühüm obyektlər havadan mühafizə və müdafiə olunur. Bütün ola biləcək təhdidlər nəzərdən keçirilib və lazımi tədbirlər görülüb. Bu da sual altındadır ki, onlar bu obyektlərə nəsə edə biləcəklərmi?
Ermənistan rəhbərliyi ancaq "vuraram", "dağıdaram", "bunu edərəm", "onu edərəm" deyə boş-boş fərziyələr söyləməklə cəmiyyətin diqqətini əsas məsələlərdən yayındırmaqla məşğuldur. Azərbaycan isə "Ermənistan cəmiyyəti, əsgər anaları! Əgər siz övladlarınızı itirmək istəmirsinizsə, işğal olunmuş Azərbaycan torpaqlarından çıxsınlar" deməklə yenə də məsələnin sülh yolu ilə, qansız-qadasız həllinə çalışır. Biz bir qarış torpağı belə, düşmənə güzəştə getməyəcəyik.
Əminəm ki, Ermənistan öz işğalçı niyyətindən əl çəkmədiyi təqdirdə aprel döyüşləri kimi, Azərbaycan əsgərinin qələbəsi ilə bitən əks-zərbə əməliyyatlarımız hələ şox olacaq. Ərazi bütövlüyümüz təmin olunana qədər. Bu zaman düşmən itkiləri də, gözüyaşlı erməni anaları da saysız-hesabsız olacaq. Yəni belə mənasız hədə-qorxu dolu bəyanatlar erməni xalqının faciəsinə gətirib çıxaracaq.
Bütün bu hədə-qorxu dolu fikirlərin dilə gətirilməsi daha çox Azərbaycanın hərbi qüdrətinin artması ilə bağlıdır. Azərbaycan iqtisadiyatının inkişafı, daxili sabitlik, Azərbaycan Ordusunda aparılan uğurlu işlər qarşı tərəfi qorxu və vahimə içində saxlayır. Mənə elə gəlir ki, ermənilərin bu tip boş hədələri bizim gücümüzə, qüdrətimizə və gələcəkdə torpaqlarımızı azad etməkdə israrlı olmağımızla da bağlıdır. Onlar yaxşı bilirlər ki, Azərbaycan Ordusu düşmən təxribatlarına lazımı səviyyədə cavab verməyə hər an qadirdir.
Bir də, "İskəndər" raketləri ilə bizim 12 məntəqəyə və bir çox hədəflərə zərbələr endirəcəkləri barədə cəfəng fikirlər səsləndirən Ermənistan rejimi də yaxşı anlayır ki, Azərbaycanda mövcud olan ən müasir raket və artilleriya sistemləri nəinki işğal olunmuş Azərbaycan ərazilərində, həmçinin Ermənistanda yerləşən bütün strateji və hərbi obyektləri yerlə yeksan etməyə qadirdir. Təkcə "Metsamor" Atom Elektrik Stansiyasını hədəfə çevirmək kifayət edir. Bu, baş verərsə, Ermənistan ərazilərində bir neçə əsr yaşayış belə olmayacaq. Əgər ora zərbə endirilərsə, Ermənistan nə günə qalcaq, hansı faciələri yaşayacaq?
Bizə hədə qorxu gəlməmişdən, "İskəndər" — "İskəndər" deyərək çığır-bağır salmamışdan qabaq bunu düşünsələr, daha məqsədə uyğun olardı.