BAKI, 30 mart-Sputnik. Aprelin 1-dən etibarən Çində qadınlar çadra geyinə bilməyəcək. Buna səbəb Çin hökumətinin müsəlmanların sıx yaşadığı Sincan-Uyğur muxtar rayonunda çadranın geyilməsinə rəsmən qadağa qoymasıdır.
Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, rəsmi qurumlar bu addımı ekstremizmlə mübarizə ilə əlaqələndiriblər.
Çinlilər üçün xas olmayan saqqal saxlamağa da qadağa qoyulub.
Artıq sözügedən əyalətin bir neçə rayonunda qadağanın tətbiqinə başlanılıb. Çadralı qadınların ictimai nəqliyyatdan istifadəsinə icazə verilmir.
Sincan-Uyğur muxtar rayonunda 20 milyona qədər əhali yaşayır ki, onun da təqribən yarısı uyğurdur. Uyğurlar türkdilli xalqdır və etiqad olaraq müsəlman-sünnidirlər. Bu rayonda müsəlman çinlilər (xuei), qazaxlar və qırğızlar da yaşayır.
Sincan-Uyğur muxtar rayonu Çinin tərkibinə 1949-cu ildə daxil olub. Ona qədər bu yer Şərqi Türküstan adlanırdı.