CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda Çin möcüzəsi: 6 həftəyə boyu 27 metrə çatır

© Sputnik / Rahim MuradovBambuk ağacları
Bambuk ağacları - Sputnik Azərbaycan
Abunə olmaq
Lənkəran sakini bu bitkidən insanı valeh edən əşyalar hazırlayır

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 30 mart — Sputnik. Bambuk böyümə prosesi çox qəribə olan bir bitkidir. Çinlilərin "həyat ağacı" kimi də tanınan bu bitki çox inadkardır. Belə ki, toxumu əkilir, 5 il dalbadal sulanaraq gübrələndikdən sonra — 5-ci ilin sonuna yaxın yaşıllaşmağa başlayır və 6 həftəyə kimi bambukun boyu 27 metrə çata bilir.

© Sputnik / Rahim MuradovBambukdan hörülmüş suvenir qablar
Bambukdan hörülmüş suvenir qablar - Sputnik Azərbaycan
Bambukdan hörülmüş suvenir qablar

Bambukdan gündoğan ölkələrdə bir çox məqsədlərlə istifadə edilir. Məsələn, stol, divarlarda şəkil çərçivələri və s. Bundan başqa, qədim zamanlarda bambukdan cəza vasitəsi kimi də istifadə ediblər. Məsələn, Şərq ölkələrində ölüm cəzasına məhkum edilmiş şəxsləri təzə cücərən bambukların üzərinə uzadıb bağlayıblar. Çünki bambuk boy atdıqca qarşısındakı istənilən maneəni deşib keçir və boy atmağa davam edir.

© Sputnik / Rahim MuradovUsta Eynulla Calalov
Usta Eynulla Calalov - Sputnik Azərbaycan
Usta Eynulla Calalov

Bambukdan məişət əşyalarının və suvenirlərin düzəldilməsi tarixən Azərbaycanda da geniş yayılıb. Hazırda da bu peşəni yaşadan insanlar var. Belə insanlardan biri ilə tanış olmaq məqsədlə Lənkəranın Haftoni qəsəbəsinə üz tutduq.

© Photo : Eynulla CalalovBambuk divan
Bambuk divan - Sputnik Azərbaycan
Bambuk divan

Qəsəbə sakini Eynulla Calalov deyir ki, bambukdan məişət əşyaları düzəltmək ideyası təsadüfən meydana çıxıb. O, hazırda yetişən bambuk sortunun qəsəbəyə ötən əsrin 50-60-cı illərində Gürcüstandan gətirildiyini bildirir: "O vaxt qəsəbəmizin ərazisində sovxoz var idi. Bambukları sovxozun ərazisindəki su hövzələrində əkiblər. Bunların da toxumlarını Gürcüstandan gətiriblər".

"Sovet hökuməti dağıldıqdan sonra sovxoz ərazisi baxımsız qaldı. Sovxoz bizim həyətə yaxın olduğundan, oradan bambukları toplayıb evə gətirdim. Bambukun möhkəm olması məni valeh etdi. İlk olaraq bambukdan qışda meyvələri örtmək üçün istixananın dirəklərini düzəltdim. Deyim ki, çox effektlidir. Dəmir kimi möhkəmdir. Yəni o biri ağac materiallarından olsaydı, yağan qarın ağırlığına dözməz, sınardı. Amma bambuk davam gətirdi" — danışır usta.

E. Calalov get-gedə bambukla bağlı yeni məlumatlar öyrənib: "Bir müddət sonra ilk dəfə olaraq bambukdan kreslo düzəltdim. Həyətimizdəki balaca emalatxanamda hazırladığım əşyalardan gündəlik olaraq məişətdə istifadə edirik. Məsələn, nəvələrim üçün kiçik kətillər, uşaq çarpayısı düzəltmişəm".

© Photo : Eynulla CalalovBambuk masa və stullar
Bambuk masa və stullar - Sputnik Azərbaycan
Bambuk masa və stullar

Gözəl görünüşdə və keyfiyyətdə olan, incə işlənilməsi ilə maraq doğuran müxtəlif ölçülü suvenirlər, masalar, stullar, divan, çarpayı və kresloların bəzilərini usta ona-buna hədiyyə edib, bəzilərini isə satıb: "Bambukdan hazırlanan istənilən əşya nəm yerdə qalmamalıdır, bu material nəmi sevmir. Günün altında çox qalması da ona ziyandır. Sadaladıqlarıma əməl olunsa, bambukdan düzəldilən istənilən əşyanın ömrü çox uzun olur".

"Çox zəhmət və səbr tələb edən sənətdir. Əsasən, xammal kimi 3 illik bambukdan istifadə edirəm. Məsələn, bir stolun hazırlanmasına 10 gün vaxt sərf edirəm. Hazırladıqdan sonra isə oturub onun gözəlliyini seyr edirəm. Bu, mənə daxili rahatlıq verir. Çünki bambukdan düzəltdiyim masa, oturacaq, kreslo və yellənən kreslonun ayrıca gözəlliyi var" — həmsöhbətimiz bildirir.

© Photo : Eynulla CalalovBambuk digər taxta materiallardan daha dözümlüdür
Bambuk digər taxta materiallardan daha dözümlüdür - Sputnik Azərbaycan
Bambuk digər taxta materiallardan daha dözümlüdür

Dediyinə görə, bambuk digər taxta materialları kimi deyil: "Bununla işləmək çox vaxt aparır. Hazırlayacağım əşyanın ölçüsünə uyğun bambuku kəsirəm, təndirin içərisində yüksək temperaturda bir gün qalır. Bir gündən sonra isə bambukun rəngi dəyişir və üz qabığı quruyur. Sonra isə qazla yenidən quruduram və emal işinə başlayıram".

Eynulla Calalov bambukun çox qiymətli ağac olduğunu vurğulayır: "Ondan mebel istehsalında istifadə etmək səmərəli olar".

Qeyd edək ki, Eynulla ustanın əl işləri dəfələrlə sərgilərə çıxarılıb və fəxri fərmanlarla təltif edilib. Hazırda o, cənub bölgəsində bambukla əşyalar düzəldən yeganə sənətkardır. Təəssüf ki, onun bu sənətini heç kim davam etdirmir. Usta bunu peşənin çətinliyi ilə izah edir.

Xəbər lenti
0