BAKI, 29 mart — Sputnik. Ölkədə ilin iki ayı ərzində 67 qida zəhərlənməsi hadisəsi baş verib və bu hadisələr zamanı 96 nəfər zərər çəkib. 7 botilizm hadisəsi zamanı isə 14 nəfər zərər çəkib və 3 nəfər dünyasını dəyişib.
Ümumiyyətlə, qida zəhərlənmələri zamanı botulizm halları daha çox turşu zəhərlənmələri səbəbindən baş verir. Turşuların düzgün şəraitdə qoyulmaması və saxlanılmaması, konsrevləşdirmə zamanı sterilizasiya qaydalarına əməl edilməməsi zəhərlənmə ilə nəticələnir.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, daxil olmuş təcili bildiriş vərəqələrinin təhlili qida zəhərlənmələrinin məişətdə baş verdiyini göstərir: "Ev şəraitində pomidor-xiyar konservləşdirilməsi zamanı düzgün sterilizasiya qaydalarına əməl edilməməsi anaerob mikrobların əmələ gəlməsinə səbəb olur".
"Ticarət şəbəkələrində mənşəyi məlum olmayan turşu və şorabalar satılır. Belə zəhərlənmələr, əsasən ev şəraitində, yəni, heç bir sterilizasiya qaydalarına əməl edilmədən hazırlanan turşulardan istifadə zamanı baş verir" — Z. Kazımov deyib.
"8-ci km bazarı"nda hazırlanan turşular
Akif Məhərrəmov 15 ildir ki, "8-ci km bazarı"nda turşu satır. Deyir ki, turşu düzgün tutularsa, heç bir zaman zəhərlənməyə səbəb olmaz: "Mənim hazırladığım turşudan 15 ildir ki, kimsə zəhərlənməyib. Turşu ev şəraitində hazırlananda da professional şəkildə hazırlanmalıdır. Məsələn, kələmi xırda hissələrə doğrayıram. Sonra bu kələm bir həftə duzda qalır, özünə gəlir. Ardınca digər tərəvəzləri kələmə qatıram. Kələm turşusu 2-3 manatdır, yaxşı da satılır".
Gülüstan Əliyeva da uzun zamandır həmin bazarda turşu satır. Onun sözlərinə görə, bazarda satılan turşunun ləzzəti başqa olur: "Heç bazardan turşu alıb zəhərlənən görmüsünüz? Bu, ola bilməz. Zəhərlənmə ancaq evdə tutulan turşulardan baş verə bilər. Çünki qadınlarımız turşu bağlayarkən, ən çox da pomidor-xiyar turşusu bağlayarkən içinə müxtəlif dərmanlar atırlar. Aspirin və ya digər həblər turşu suyuna qarışaraq zəhərlənməyə səbəb olur".
Gülüstan xala deyir ki, qadınlar turşu bağalayan zaman əlavə qatqılardan istifadə etməməyə çalışmalıdırlar: "Əgər turşu normal qaydada hazırlanarsa, zəhərlənməyə səbəb olmaz".
Zəhərlənmələrin əsas səbəbləri
Terapevt-qastroenteroloq Mətanət Cəfərova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, turşulardan zəhərlənmələrin bir neçə səbəbi ola bilər: "Turşuların tərkibinə qatılan dərman vasitələri və ya kimyəvi vasitələr zəhərlənməyə səbəb ola bilər. Bəziləri turşu bağlayarkən ona sıtramon, aspirin, tetraskilin və s. dərmanlar qatırlar ki, guya belə olanda turşu atmır. Bu dərmanların təsirindən də zəhərlənmə baş verir".
Həkimin sözlərinə görə, ağzı kip bağlı olan qablarda saxlanılan turşu qəbulu zamanı baş verən turşu zəhərlənmələri botulizmlə nəticələnə bilər: "Yəni, bu, əsasən bağlı qablardakı turşularda baş verir. Botulizm botulatoksin ifraz edir ki, bu da turşuya qatışır və zəhərlənməyə səbəb olur. Belə zəhərlənmə hətta ölümlə də nəticələnə bilər. Turşunun qapağı bağlanan zaman orada anaerob, yəni oksigensiz mühit yaranır. Açıq turşularda heç vaxt botulizm ola bilməz".
"Gigiyenik qaydalara əməl olunmayan zaman da turşular zəhərlənməyə səbəb ola bilər. Bu, əsasən açıq satılan turşularda baş verir. Bu zaman həmin turşulara mikroblar və bakteriyalar qatışır. Bazarlarda satılan plastik qablarda olan turşular da zəhərlənməyə səbəb ola bilər. Plastik qabın bir neçə dəfə istifadə edilməsi, turşunun tərkibində olan aşılayacı maddənin qabın tərkibində olan zəhərli maddəyə qarışması zəhərlənməyə səbəb olur. Bəzən isə turşu qoyulan qablar qida üçün deyil, texniki istifadə üçün nəzərdə tutulmuş olur" — Cəfərova əlavə edib.
Bu əlamətləri hiss etsəniz…
Həkim deyir ki, botulizm "Clostridium botulinum" adlanan mikrobun inkişaf etməsi nəticəsində yaxşı konservləşdirilməmiş pomidor-xiyar və digər turşuların tərkibində yaranır: "Şikayətlər adətən turşunu qəbul etdikdən 24 saat sonra ortaya çıxır. Bəzən isə 3-4 saat sonra narahatlıqlar ortaya çıxır. Bəzən ishal, qəbizlik, qıcolmalar, iflic, ümumi əzələ zəifliyi, xəstələrin əksəriyyətində görmədə çətinlik və yaxud diplopiya, görmənin dumanlı olması, əzələ yorğunluğu, danışmaqda çətinlik, göz hərəkətlərində ağrı (gözü hərəkət etdirən zaman ağrılar), tənəffüsün çətinləşməsi, tənəffüs əzələlərində iflic, təngənəfəslik, ağızda quruluq, udlaqda quruluq və s. müşahidə edilir. Bəzi xəstələr komaya düşə bilər".
Cəfərova qeyd edir ki, bu xəstələrdə həddən artıq qusma və ishal səbəbindən bədəndə maye və elektrolit itkisi olduğuna görə, bəzi simptomplara ağız-boğaz, dəri quruluğu əlavə olunur. Belə xəstələr tez bir zamanda toksikologiyaya çatdırılmalıdır. Həkim məsləhət görür ki, turşu qəbul etdikdən sonra ishal, qusma, ürəkbulanma müşahidə edilərsə, bu zaman çoxlu miqdarda maye qəbul edilməli və venadaxili infuziyalar köçürülməlidir.