BAKI, 29 mart — Sputnik. "BakuBus" avtobusunda sərnişin huşunu itirib və onun həyatını avtobus sürücüsü qurtarıb. Bu haqda “BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev Sputnik Azərbaycan-a məlumat verib. O qeyd edib ki, hadisə martın 26-sı saat 18:40 radələrində Azadlıq Prospekti — 28 may metro stansiyası istiqamətində 8 nömrəli marşrut xəttində hərəkət edən “BakuBus”a məxsus avtobusda baş verib. M.Piriyev deyib ki, hər bir avtobus sürücüsü zərurət yarandıqda sərnişinə yardım etməyi bacarmalıdır.
“Bu hadisə zamanı da sürücü öz vəzifə borcunu layiqincə yerinə yetirib və insani davranış sərgiləyib. “BakuBus” sürücülərinin hər biri bu kimi hallarla bağlı təlimatlandırılıb və xüsusi kurslara cəlb edilib. Keçirilən kurslarda onlara nəzəri biliklərlə yanaşı, ilkin tibbi yardım qaydaları ilə bağlı praktiki məşğələlər də keçirilir. Bununla yanaşı, bütün avtobuslarımızda sürücü kabinəsində “Sürücünün yaddaş kitabçası” var. Həmin kitabçada ilkin tibbi yardımla bağlı ətraflı məlumatlar əks olunub. Eyni zamanda, qəza, fövqəladə hal və ya bədbəxt hadisələr zamanı ilk olaraq hansı qaydalara əməl etmək və baş verən hadisə zamanı zərərçəkənə ilkin tibbi yardımın göstərilməsi qaydaları izah olunub. “BakuBus” şirkəti olaraq, qarşımıza qoyduğumuz əsas hədəf hər zaman keyfiyyətli xidmətimizlə seçilməkdir. Biz çalışırıq ki, sürücülərimizin peşəkarlığını daim artıraq, onlara müsbət keyfiyyətlər aşılayaq. Son zamanlarda baş vermiş bu kimi hadisələr zamanı sürücülərimizin peşəkarlığı və öz işlərinə məsuliyyətlə yanaşmaları görülən işlərin müsbət nəticəsi kimi qarşımıza çıxır" — mətbuat katibi qeyd edib.
Sürücünün sərnişini xilas etmə videosunu təqdim edirik: