BAKI, 29 mart — Sputnik. Fransada çıxan "Le Monde" qəzeti, İsrail gizli xidməti Mossad-ın Fransa kəşfiyyat xidmətinə sızdığını və özünə agent toplamağa çalışdığını yazıb. Sputnik Azərbaycan bu barədə TRT-yə istinadən məlumat verir.
Qəzet daxili bir yazışma ələ keçirib. Yazışmada göstərilir ki, Fransa və İsrail gizli xidmətləri arasında 2010-cu ildə Suriyanın kimyəvi silah planları ilə əlaqədar birgə həyata keçirilən əməliyyat zamanı, İsrail tərəfi bəzi Fransa gizli xidmət agentlərini Mossad-a işləmək üçün razı salmağa çalışıb.
"Artıq Mossada çalışan bir fransız agenti müəyyənləşib. "Ratafia" kod adı verilən ortaq əməliyyat nəticəsində isə məlum olub ki, Fransa və İsrail gizli agentləri Fransaya təhsil almağa gedən bir suriyalı kimya mühəndisi vasitəsilə Dəməşq rejiminin kimyəvi silah proqramı haqqında məlumat almağa çalışıb. İsrail gizli xidməti bu suriyalı mühəndisi özlərinə həm məlumat vermə, həm də başqa suriyalı mühəndislər tapma mövzusunda razı salıb" — qəzet yazır.
Parisdəki Mossad xidmət şefi isə bəzi fransız agentlərini ələ aldıqlarını bildirib. Məlumata görə, fransız agent Mossad-ın Paris şefi ilə axşam yeməyində bir araya gəlib, bu adamın ailəsi ilə Dubaya tətilə gedəcəyini söyləyib, amma İsrailə gedib. Daxili yazışmaya əsasən, Fransa gizli xidməti ortaq əməliyyata qatılan bəzi fransız agentlərinin banklardakı şübhəli pul transferini müəyyən edib.
"Le Monde" qəzetindəki məqalə "Mossad-ın Paris şefi də daxil olmaqla, iki İsrail agenti ölkəni tərk etməlidir" deyə yekunlaşır.