BAKI, 29 mart — Sputnik. Banklar vergidən yayınmanın qarşısını almaq üçün bəzi əməliyyatları məhdudlaşdırıb. Azərbaycan Mərkəzi Bankı (AMB) bununla bağlı martın 17-də banklara məktub göndərib. Bu barədə "APA-Economics"ə bank sektorundakı mənbə xəbər verib.
Mənbə qeyd edib ki, AMB banklara internet bankinq vasitəsi ilə hüquqi şəxslərin fiziki şəxslərə köçürmə əməliyyatlarını məhdudlaşdırmağı tapşırıb: "Hüquqi şəxslərdən nağdlaşdırma zamanı 1%-lik vergi tutulur. Beləliklə, hüquqi şəxslər fiziki şəxslərin (sahibkar olmayan — red.) hesabına köçürmə edərək vergidən yayına bilir. Mərkəzi Bankın bu addımı məhz vergidən yayınmanın qarşısını almağa hesablanıb".
Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a açıqlamasında, məktubu Mərkəzi Bank deyil, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) göndərdiyini deyib: "Bu cür məsələlərə qarışmaq ümumiyyətlə, AMB-nin səlahiyyətində deyil. MBNP banklara belə bir məktub göndərib. Amma həmin məktubda yazmayıb ki, banklar bu pulu köçürməsin. Palatanın kiminsə kimə pul köçürməsinə qadağa qoymaq səlahiyyəti yoxdur".
Onun sözlərinə görə, istənilən halda, xüsusən də ölkə daxilində hüquqi şəxslər istənilən şəxsə məhdudiyyətsiz pul köçürə bilər: "Əlbəttə, banklar həmin pul köçürməsini şübhəli hesab edərsə, MBNP-yə məlumat verməyə borcludur. Hətta, bank, köçürməni şübhəli hesab etsə, köçürməni etməyə, yaxud bir qədər dayandıra bilər. Yəni, Palataya müraciət edə bilər. Amma Palata 2 gün ərzində ona "hə" və ya "yox" deməsə, həmin köçürməni etməlidir. Əgər Palata banka "köçürmə" desə, bu, artıq o deməkdir ki, Palata həmin pul köçürməsində nəsə cinayət əməli görüb. Bununla artıq hüquq-mühafizə orqanları məşğul olmalıdır".
Ekspertin fikrincə, hüquqi şəxsin, fərdi sahibkarın istənilən şəxsə pul köçürməsində heç bir cinayət yoxdur: "Sabah əgər müəyyən edilsə ki, vergidən yayınmaq üçün hansısa fiziki şəxsə köçürmə olub və fiziki şəxs onu nağd şəklində çıxardıb, bu halda deyə bilərik ki, vergidən yayınma olub. Yox, əgər həmin şəxs pulu nağd çıxartmırsa, həmin puldan nağdsız qaydada istifadə etdisə, burada heç bir vergidən yayınma halı yoxdur".
Ə. Həsənovun fikrincə, sadəcə bir sıra banklar Palatanın həmin məktubundan sui-istifadə edir: "Bu gün sahibkarlar, vətəndaşlar çalışırlar ki, banklarda çox pul saxlamasınlar. Çünki etibar etmirlər. Banklarda pul vəsaiti azalır və banklar da belə məktublardan sui-istifadə edir. Yəni, istəmirlər ki, pul onlardan çıxsın. Amma istənilən halda pul köçürməsində məhdudiyyət yoxdur. Yalnız pul köçürmələri qanunla məhdudlaşdırıla bilər. Hətta, həmin hüquqi şəxslər 1 faiz vergini ödəmək şərtilə istənilən qədər vəsaiti də nağd şəklində bank hesablarından çıxarda bilərlər".
Müsahibimiz bildirib ki, "Nağdsız hesablaşmalar haqqında" qanunu pozan ilk növbədə banklar və Mərkəzi Bankdır: "Bankların da bir-birilərində bank hesabları var. Onlar müxbir bank hesabları adlanır. Eyni zamanda, bütün bankların AMB-də milli valyutada bank hesabı var. Bu gün banklar AMB-dən nağd pul götürəndə 1 faizlik vergi tutulmur. Yəni, AMB tutmur. Amma bu da bank hesabından pulun çıxarılmasıdır. Bununla da qanun pozulur. Banklar özləri də hüquqi şəxsdirlər. Bank da AMB-dəki hesabından nağd pul çıxardanda həmin 1 faizlik vergini ondan tutmalıdırlar. Amma Mərkəzi Bank tutmur. Təəssüf ki, Vergilər Nazirliyi də buna göz yumur".
Ekspertin sözlərinə görə, hüquqi şəxs fiziki şəxsə hədiyyə edə bilər və bunu qanun qadağan etmir: "Hədiyyənin də müəyyən qismi vergidən azaddır. Min manat həcmində hədiyyə vergidən azaddır. İstənilən hüquqi şəxs istənilən fiziki şəxsə min manat köçürürsə, burada qanuna zidd heç nə yoxdur. Əgər min manatdan çoxdursa, onsuzda həmin o pulu alan şəxs vergi ödəməlidir. Digər tərəfdən, hansısa fiziki şəxs hüquqi şəxs üçün iş görübsə, xidmət göstəribsə, əlbəttə, hüquqi şəxs ona pul köçürə bilər. Bu halda onsuzda həmin şəxs vergi ödəməlidir. Buna görə də o köçürmələri qadağan etmək qanuna ziddir. Amma əgər şübhələr varsa, Palataya məlumat verilməlidir".
İqtisadçı-ekspert Natiq Cəfərli isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, hər hansı bir məhdudlaşdırma potensial investor, iqtisadi oyunçular üçün çəkindirici və qorxuducu addım sayılır: "Hər hansı bir məhdudlaşdırma bank sahəsində, bank köçürmələrində biznesə mənfi təsir göstərir. Qanunda belə bir boşluq varsa və vergidən yayınmaq üçün belə bir boşluq əmələ gəlibsə, qanunvericilikdə dəyişikliklər edilməlidir".
Ekspertin fikrincə, bank əməliyyatlarına hər hansı bir qadağanın qoyulması mülkiyyət hüququnun pozulması ilə bağlı məsələni gündəmə gətirə bilər: "Fiziki və hüquqi şəxslərin əllərində olan pul vəsaiti onların əmlakı sayılır. Onlar vergiləri ödəmək çərçivəsində istədikləri kimi o pul vəsaiti ilə davrana bilərlər. Bu məhdudlaşdırma onların hüquqlarını pozur. Yəni, əllərində olan pul vəsaitlərindən istifadə etmək hüququnu pozur".
N. Cəfərlinin sözlərinə görə, bu, çəkindirici bir yanaşmadır: "İş adamları, potensial investorlar üçün belə qadağaların olması ölkənin cəlbediciliyini azalda bilər. Ona görə də, qanunvericilikdə boşluq varsa, banklar bu boşluqdan istifadə edib hər hansı bir formada vergidən yayınırlarsa, qanunvericilikdə boşluğu aradan qaldıran dəyişikliklər olmalıdır".
Qeyd edək ki, parlamentin ötən il "Nağdsız hesablaşmalar haqqında" qəbul etdiyi qanuna görə, banklardan nağd pul vəsaitlərinin çıxarılmasının məhdudlaşdırılması məqsədilə hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə banklar və poçt rabitəsinin milli operatorları tərəfindən 1% dərəcəsi ilə sadələşdirilmiş vergi tutulur.