Məlum olduğu kimi, Ankara Yaxın Şərq bölgəsi və ətraf ərazilərdə baş verən ciddi siyasi proseslərin mərkəzindədir və bu amil ölkəyə əlavə diqqət cəlb edir. Türkiyəli araşdırmaçı və politoloq Yılmaz Altunsoy Sputnik Azərbaycan-da keçirdiyi mətbuat konfransında bildirib ki, Türkiyə yüz illik problemlərin həlli ərəfəsində önəmli qərar qəbul edib:
“Anqlo-sakson ölkələrindən mənimsənilib Türkiyəyə uyğunlaşdırılan parlamentli idarəetmə sistemi indiki vəziyyətdə Türkiyəyə uyğun gəlmədiyi üçün ölkə bundan imtina etmək istəyir. Ümid edirik ki, 16 aprel referendumundan sonra Türkiyə güclü, dayanıqlı türk tipili prezidentlik sisteminə keçmiş olacaq. Türkiyənin mövcud olduğu coğrafiya dünyanın ən çətin yeridir. Türkiyə nə vaxt dayanıqlı idarəetməyə malik olarsa, bu regionda o zaman sakitlik bərqərar olacaq. Türkiyənin müvazinətini qoruması dayanıqlı idarəetməyə bağlıdır”.
“Uzun illər Türkiyəyə parlamentli idarəetmə sistemi ilə çox problemlər yaşatdılar. Türkiyədə 94 illik cümhuriyyət tarixində 65-ci hökümət iş başındadır. Yəni bir hökümət təxminən il yarım fəaliyyət göstərib. Amerikada isə 220 il ərzində 45 preizdent seçilib. Azərbaycan uzun müddətdir prezident idarəetmə üsulu ilə idarə olunur. 2003-cü ildən bu yana İlham Əliyevin rəhbərliyi ilə güclü idarəetmyə malikdir. Əgər Azərbaycanda parlamentli respublika olsa idi siz bu cür inkişaf edə, erməni təcavüzünə qarşı cavab verə bilməzdiniz. Bu regionda ölkələrin mövcudluğunu dayanıqlı idarəetmə sistemi təmin edir. Ona görə də Türkiyə bu qərara gəlib. Biz inanırıq ki, Türkiyə xalqı 16 apreldə prezident idarəetməsinin lehinə səs verəcək” – deyə o bildirib.