BAKI, 28 mart — Sputnik. Prezident İlham Əliyev Saatlı rayonuna səfərə gedib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, İlham Əliyev əvvəlcə ümummilli lider Heydər Əliyevin Saatlı şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstəsi qoyub. Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Prezident İlham Əliyevə abidənin yerləşdiyi ərazidə görülən abadlıq işləri barədə məlumat verib.
Sonra Prezident Saatlı rayonunda yeni inşa edilən 110/35/10 kilovoltluq "Sarıcalar" yarımstansiyasının açılışında iştirak edib. Ardınca Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib. Prezident İlham Əliyev yolun açılışında iştirak edib.
Nəhayət, dövlət başçısı Saatlı rayonunun Qıraqlı kəndi ərazisində fermer Humay Məmmədovanın pambıq sahəsi ilə tanış olub.