Kəmalə Əliyeva, Sputnik Azərbaycan
BAKI, 26 mart — Sputnik. Azərbaycan musiqisi praktiki olaraq dünyanın hər yerində tanınır və hər yerdə onun pərəstişkarlarına rast gəlmək mümkündür. Dünya şöhrətli bəstəkar, musiqişünas, ABŞ Muğam cəmiyyətinin sədri Cefri Verbok çox illərdir ki, Azərbaycan musiqi alətlərində ifa edərək bizim musqimizi xaricdə təbliğ edir. Sputnik Azərbaycan-a verdiyi müsahibədə Verbok Azərbaycan musiqisinə olan sevgisindən danışıb.
- Cefri, dünyanın bir çox ölkələrində nümayiş etdirilmiş "Gənc səslər. Qədim nəğmə" filmini çəkmək ideyası necə yarandı?
— Hər şey təsadüfən baş verdi. Məni "Muğam" müsabiqəsinə münsif kimi dəvət etmişdilər. Düzünü desəm, əvvəl imtina etdim, çünki heç vaxt özümü peşakar müğənni saymamışam. Nəhayət, razılıq verəndə isə şərt qoydum ki, mənə Ermənistanın işğalından sonra evlərini tərk etmiş məcburi köçkünlərin məskunlaşdığı yerlərdə olmaq üçün imkan yaradılsın. Bir neçə dəfə demişəm və yenə deyirəm ki, qarabağlıları görmək istəyirdim, çünki mənə demişdilər ki, muğamın ən gözəl ifaçıları onlardır. Düzünü desəm, gördüklərimdən şok keçirdim. Müxtəlif yaşlı uşaqlar muğamı elə ifa edirdilər ki, onları heyranlıqla dinləməkdən başqa yol yox idi. Elə orada bütün dünyaya Azərbaycanda necə istedadlı insanların yaşadığı barədə xəbər verəcək bir filmin çəkilməsi ideyası yarandı. Filmi Nyu-Yorkda montaj etdim. İndi hara getsəm özümlə bir neçə disk götürürəm və onları dostlarıma, tanımadığım insanlara verirəm. Həmin adamlar da muğama heyran olurlar. Mən Azərbaycanı çox sevirəm və sizin kimi mən də səbirsizliklə işğal olunmuş ərazilərin qaytarılmasını gözləyirəm.
- Azərbaycan muğamının mövcudluğundan nə vaxt xəbər tutdunuz?
— Neçə yaşımda bunun baş verdiyi dəqiq yadımda deyil, deyəsən, 21 yaşım var idi. O vaxtkı bütün gənclər kimi gitarada ifa edirdim, özüm üçün hansısa mahnıları bəstələyirdim. Los-Anceles onda musiqi mərkəzi sayılırdı, bütün gənclər ora gedirdilər, ona görə də mən də bu şəhərə getmək qərarına gəldim. Bir nəfər mənə Şərq musiqisini öyrənməyi məsləhət gördü və bu işdə mənə kömək edəcək adamı göstərdi. Söhbət mənim "Mister Zi" adlandırdığım Zevulon Avşalomdan gedir.
- Bəs Avşalom bizim musiqi haqqında haradan bilirdi?
— O mənə danışırdı ki, 16 yaşı olanda Bakıya gələrək kamançada ifa etməyi öyrənib. 5 il Moskvada yaşayıb, sonra Tehrana köçüb, daha sonra isə ABŞ-a mühacirət edib. O yaşlı idi və artıq heç kəsi öyrətmək istəmirdi. Lakin mən inad göstərdim, çünki onun kamançadakı ifasını eşitdikdən sonra yuxum qaçmışdı. Nəhayət o razılaşdı, çünki gördü ki, mən də onun kimiyəm. O vaxtdan 30 ildən çox keçib və mən hələ də sizin musiqinizi öyrənməyə davam edirəm.
- Azərbaycan dilini necə öyrənə bildiniz?
— Bilirisiniz, hansısa ölkəni, xalqı sevirsənsə, onda onun mədəniyyəti ilə tanış olmaq üçün dilini mütləq bilməlisən. Azərbaycan mənim ikinci vətənimdir. Dili öyrənmək mənim üçün asan olmadı, o zamanlar ABŞ-da azərbaycanlı tapmaq elə də asan deyildi. Dostlarım məni iranlıların da olduğu məclislərə aparırdılar, ona görə də mən Azərbaycan dilində bir az İran azərbaycanlılarının dilində danışıram və bu məni əsəbiləşdirir. Hər dəfə yoldaşımdan bu məsələdə yardım istəyirəm. Bakıya gələndə öz söz ehtiyatımı artırmağa çalışıram.
- Cefri, ölkəmizə vurğunsunuz ki, azərbaycanlı ilə evlənmisiniz…
— Bəli. Gələcək həyat yoldaşımla filmimin çəkilişi zamanı tanış olmuşam. O ingiliscə yaxşı danışır, ona görə də ünsiyyətimizdə problem yoxdur. O bizə çəkiliş vaxtı kömək edirdi. Aramızda sevgi yarandı və evlənmək qərarına gəldik. Mən başa düşürdüm ki, heç bir amerikalı qadın məni azərbaycanlı qadın kimi başa düşə bilməz. Mən onunla xoşbəxtəm. Bizim oğlumuz var.
- İndi nə ilə məşğulsunuz?
— Mən Azərbaycan musiqisinin təbliği ilə məşğulam. Məni müxtəlif ölkələrin universitetlərinə dərs deməyə çağırırırlar və mən hər dəfə Azərbaycan musiqi alətlərini özümlə götürürəm. Onlarda ifa etməyə başlayanda bütün tələbələr musiqinin sehrinə düşərək qulaq asmağa başlayırlar. Öz mədəniyyətinizi sevin və qoruyun, çünki ondan təkdir, başqa belə bir mədəniyyət yoxdur.