İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 22 mart — Sputnik. Qazaxda xalq yazıçısı İsmayıl Şıxlının doğum günü qeyd edilib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Qazax Rayon İcra Hakimiyyətinin (RİH) təşəbbüsü ilə təşkil olunan tədbirdə rayon ziyalıları, yazıçı və şairlər, ədibinin qohumları iştirak ediblər.
Mərasim iştirakçıları xalq yazıçısının adını daşıyan parka gələrək ədibin heykəli önünə gül-çiçək dəstələri qoyub, əziz xatirəsini yad ediblər. Tədbiri giriş sözü ilə açan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov İsmayıl Şıxlının Azərbaycan ədəbiyyatında tutduğu xüsusi mövqeyi, ictimai-siyasi fəaliyyətini yüksək qiymətləndirib.
R. Babaşov qeyd edib ki, tarixin bütün dönəmləri bir həqiqəti təsdiq edib ki, Vətənin, millətin ağır günündə iki böyük qüvvə öndə dayanıb: biri millətin, Vətənin sərkərdəsi, biri də o millətin, Vətənin yetirdiyi böyük qələm və söz adamları: "Belə keyfiyyətləri, hələ 60-cı illərdən yaradıcılığında əks etdirən görkəmli xalq yazıçısı İsmayıl Şıxlı ədəbi-mədəni həyatımızda, ictimai-bədii fikir tariximizdə özünəməxsus mövqeyi, orijinal dəsti-xətti, şəxsiyyəti ilə seçilib. İsmayıl Şıxlı bütün həyat və yaradıcılığını azərbaycançılığa həsr etmiş əvəzolunmaz şəxslərdən olub. O, XX əsr Azərbaycan ziyalılığının ən ali keyfiyyətlərini öz şəxsiyyətində daşıyan, mənsub olduğu nəsli təmsil edən bir insan olub. Həyatı boyu, həm ədəbi, həm də ictimai-siyasi fəaliyyətində azərbaycançılıq mövqeyində duraraq, milli mentalitet, vətənin azadlığı, müstəqillik duyğusu ilə yaşayıb".
AYB Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal, akademik Teymur Bünyadov, Qazax Xeyriyyə Cəmiyyətinin sədri, professor İlham Pirməmmədov, cəmiyyətin üzvü Həsrət Pirməmmədov, şair Zaməddin Ziyadoğlu, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov, İsmayıl Şıxlının bacısı nəvəsi, gənc yazar Tural Ağatlı və başqaları çıxış edərək milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, milli mədəniyyətin, milli əxlaqın gənc nəslə çatdırılması baxımından ədibin əsərlərinin dəyəri barədə danışıblar.
Qeyd edək ki, İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olub. Kosalar kəndində ibtidai məktəbi bitirib Qazax pedaqoji məktəbində təhsil alıb (1933-1936). Bir il Kosalar kənd orta məktəbində baş dəstə rəhbəri və müəllim işləyib. Sonra Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil alıb (1937-1941). Qazax rayonunun Kosalar kənd orta məktəbində dərs hissə müdiri işləyib (1941-1942).
İkinci Dünya Müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə (Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər) olub. Tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri işləyib (1946). Azərbaycan Pedaqoji İnstitunun filologiya fakültəsində aspirant (1946-1949), müəllim, baş müəllim olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi (1965-1968) kimi çalışıb. "Azərbaycan" jurnalında baş redaktor (1976-1978), Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981-1987), SSRİ Yazıçılar İttifaqının katibi (1981-1987) olub. Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilib (1991).
İlk mətbu əsəri olan "Quşlar" şeiri 1938-ci ildə "Ədəbiyyat" qəzetində dərc olunub. Ədəbi yaradıcılığa 1947-ci ildə "İnqilab və mədəniyyət" jurnalında çap etdirdiyi "Həkimin nağılı" hekayəsi ilə başlayıb. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edib. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub.
İctimai işlərdə fəal çalışıb. Bakı zəhmətkeş deputatları Sovetinin deputatı (1967-1969, 1983), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986-1995), Azərbaycan KP Bakı şəhər komitəsinin (1968-1970), Azərbaycan KP MK-nın (1986-1990), Azərbaycan Həmkarlar Şurası rəyasət heyətinin, SSRİ Yazıçılar İttifaqı idarə heyətinin üzvü seçilib. 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının tərkibinə daxil edilib.
Xidmətlərinə görə "Qızıl Ulduz" (1945), "Şərəf nişanı" (1971), "Qırmızı əmək bayrağı" (1979), II dərəcəli "Böyük Vətən müharibəsi" (1985) ordenləri və medallarla təltif edilmişdir. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanını (1973) və Azərbaycan Respublikasının "Şöhrət" ordenini alıb (04.07.1994). 1995-ci il iyulun 26-da Bakıda vəfat edib, Birinci Fəxri Ciyabanda dəfn olunub.
"Ayrılan yollar", "Dəli Kür" və "Ölən dünyam" romanlarının, xeyli sayda povest, hekayə, memuar və s.-in müəllifidir.