Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, Amerika enerji agentliyinin həftəlik açıqlaması gözlənilən proqnozları üstələyib: “Amerikada gündəlik neft hasilatı 9 milyon bareli keçib. Proqnozlar odur ki, ilin sonuna və gələn ilin əvvəlinə Amerika hasilatı daha 400 min barel artaraq 9,4 milyona çatacaq. Bu həcmlərin artması başqa bazarlara yönələn neft həcmlərini də artıracaq. Belə olan halda isə rəqabət çoxalır, neftin qiyməti isə düşür”.
“İyun ayının əvvəlində, OPEC-in növbəti konfransında radikal addımlar atılmasa, ilin ikinci yarısında neft qiymətləri 50 dollar civarında və ondan da aşağı ola bilər. Hər şey bu istiqamətdə gedir, çünki 400 min barel kifayət qədər böyük bir rəqəmdir. Amerikadan başqa digər ölkələrdə də hasilat artımı baş verir. Bir sıra iri və xırda, OPEC və qeyri-OPEC ölkələr elan ediblər ki, oktyabrla müqayisədə hasilatı azaldırlar. Amma illik göstərici ilə müqayisədə hasilat artacaq. Məsələn, Qazaxıstan hasilatı 10 min barel azaldır, amma keçən il ilə müqayisədə hasilat 4 milyon ton artacaq. Reallıq bundan ibarətdir” — deyə o bildirib.