BAKI, 21 mart — Sputnik. YUNESKO-nun 1999-cu ildə keçirilən 30-cu iclasında hər il martın 21-i “Beynəlxalq Poeziya Günü” elan edilib.
Poeziya ən qədim zamanlardan başlayaraq insanın mənəvi ehtiyacına çevrilib, onun arzu və istəklərini, duyğu və düşüncələrini, sevinc və kədərini poetik özünəməxsus şəkildə büruzə verib. Dünyanın bir sıra mədəni xalqlarının ədəbiyyatı kimi, bəşəriyyətin söz xəzinəsini zənginləşdirən Azərbaycan poeziyası da xalqımızın tarixi qədər qədim, mənəviyyatı qədər zəngindir. Azərbaycan şairləri, bütövlükdə, Yaxın və Orta Şərq, eləcə də dünya ədəbiyyatının inkişafına güclü təsir göstərib, özünəməxsus poeziya məktəbi yaradıblar.
Azərbaycanda poeziyanın ilk nümunələri şifahi xalq ədəbiyyatı zəminində formalaşmış bayatılar, holavarlar, sayaçı sözləri və digər mövsüm-mərasim nəğmələridir. Orta əsrlərdən başlayan yüksək mədəni inkişaf prosesi isə Azərbaycan poeziyasının yüksəlişində yeni bir mərhələnin başlanmasına səbəb olub.
Məhz Azərbaycan dünyaya Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, İzzəddin Həsənoğlu, Molla Pənah Vaqif, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani və onlarla digər dahi şairləri bəxş edib.
XX-XXI əsrdə bu ənənələr Mikayıl Müşviq, Məmməd Araz, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Nüsrət Kəsəmənli, Əli Kərim, Süleyman Rüstəm, Ramiz Rövşən, Musa Yaqub, Sabir Rüstəmxanlı və digərləri ilə davam etdirilib.
Aşağıdakı misralar Abbas Səhhətin "Vətən" şeirindəndir və Azərbaycan poeziyasının parlaq nümunələrindən sayıla bilər:
"Könlümün sevgili məhbubu mənim,
Vətənimdir, vətənimdir, vətənim.
Məni xəlq eyləmiş əvvəlcə Xuda,
Sonra vermiş vətənim nəşvü-nüma.
Vətənim verdi mənə nanü-nəmək
Vətəni məncə unutmaq nə demək?!
Anadır hər kişiyə öz vətəni,
Bəsləyib sinəsi üstündə onu.
Südüdür ki, dolanib qanım olub,
O mənim sevgili cananım olub.
Saxlaram gözlərim üstə onu mən,
Ölərəm əldən əgər getsə vətən.
Vətənin neməti nisyan olmaz,
Naxələflər ona qurban olmaz.
Vətən əcdadımızın mədfənidir,
Vətən övladımızın məskənidir.
Vətənin sevməyən insan olmaz,
Olsa da ol şəxsdə vicdan olmaz!"