Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Azərbaycan sirkində inkişafdan danışmağa dəyməz"

© Photo : Instagram / anar_jabrailov Жонглер Анар Джабраилов
Жонглер Анар Джабраилов - Sputnik Azərbaycan
Abunə olmaq
Anar Cəbrayılov: "Təəssüf ki, bizdə uşaqların məşğul ola, sirk sənətini öyrənə biləcəyi studiya yoxdur"

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 21 mart — Sputnik. Ölkəmizin hüdudlarından kənarda müxtəlif sahələrdə böyük uğurlar qazanmış azərbaycanlılar az deyil. Onlardan biri Rusiyada yaşayan populyar jonqlyor Anar Cəbrayılovdur.

- Anar, özünüz barədə danışın. Sirkə marağınız haradan yarandı?

— Başlanğıc üçün ümumiyyətlə sirkə necə gəldiyimi danışım. Mənim seçim imkanım elə də böyük deyildi. Valideynlərim sirk artıstləri idilər və mən Minskdə onların qastrolu zamanı anadan olmuşam. Atam Kamal Cəbrayılov artıq 33 ildir ki, sirkdə işləyir. Əvvəlcə o at üstündə "Azərbaycan cigitləri" nömrəsini ifa edirdi və bu nömrə ilə dünyanın yarısını dolanmışdı. Lakin mənim iki yaşım olanda atam sirkdən getmək qərarına gəldi. Uşaqlıq illərim Bakıda keçib. Mənim 4 yaşım olanda isə atam sirkə qayıtmaq qərarına gəldi. Həmin vaxtdan mənim sirk həyatım başladı. Düzünü desəm, əvvəlcə sirkə getməyi xoşlamırdım. Lakin sirkdəki uşaqlarla biz tez-tez valideynlərimiz üçün səhnələr təşkil edirdik və beləcə yavaş-yavaş sirk məni özünə cəlb etdi.

 

- O vaxtdan Bakıda olmamısınız?

— Ondan sonra bir neçə dəfə vətənə gəlmişəm, lakin istədiyim kimi tez-tez gələ bilmirəm. İmkan düşən kimi doğma şəhərimə gedirəm. Vətəndaşlığımı dəyişməmişəm, Azərbaycan vətəndaşıyam. Bütün qohumlarım Bakıda yaşayır. Şəhərimiz ildən-ilə dəyişir, mən buna çox sevinirəm. Həmişə dostlarımı Azərbaycana dəvət edirəm. Sonuncu dəfə evdə 2016-cı ilin payızında olmuşam.

- Nə vaxtsa Bakı sirkində olmusunuz?

— Bakıda iki dəfə çıxış etmişəm. Düzdür, bu çoxdan olub, on il əvvəl. Onda mən öz jonqlyor karyerama təzə başlayırdım.

- Azərbaycanda sirk sənətinin inkişafını necə dəyərləndirirsiniz?

— Əgər inkişafdan danışırıqsa, onun olmadığını deməliyik. Təəssüf ki, bizdə uşaqların məşğul ola biləcəyi, sirk sənətini öyrənə biləcəyi studiya yoxdur. Bakıda sirk studiyasının açılmasını çox istərdim. Bu sahədə ölkəmizi xaricdə təmsil edən azərbaycanlıların sayı az qalıb. Onlar da ya valideynləri sirk ustaları olanlardır, yada da sovet məktəbinin yetirmələri.

 

- Siz hazırda Moskvadakı Nikulinin sirkində işləyirsiniz?

— Hazırda mən "Rosqossirk" şirkətində işləyirəm və uzun müddətdir ki, Rusiyanın ən yaxşı şoularından birində çıxış edirəm. Bu şou "Rosqossirk" və Nikulinin sirkinin birgə layihəsidir.

- Sizi "İdol-2016" 4-cü Ümumdüyna sirk sənəti festivalından sonra daha çox tanımağa başladılar. Bu tipli festivallarda iştirak başqa nə verir?

— Şübhəsiz ki, bu, istənilən artist üçün inkişaf, öz bacarıqlarını peşəkar əcnəbi münsiflərə göstərmək imkanı və əlbəttə şöhrət deməkdir. Bu səviyyəli festivalda iştirakın özü artist üçün böyük qələbədir. Belə yüksək səviyyəli sirk festivalında ölkəni təmsil etmək çox məsul və qürurverici addımdır.

- Niyə nömrələriniz üçün məhz şlyapaları seçmisiniz?

— Mənim şlyapalarla tanışlığım təsadüfən baş verib. Bir dəfə atamla başqa bir azərbaycanlı jonqlyor Cəlal Cəlalov bir yerdə idilər. Cəlalov öz baqajını yığırdı və şlyapaları atmağa hazırlaşırdı. Atam ondan şlyapaları atmamağı və bu janrda işləməyə davam etməyi xahiş etdi. Lakin Cəlalov razılaşmadı. Onda atam dedi: "Əgər şlyapalar sənə lazım deyilsə, onları Anara ver. Bəlkə onda nəsə alındı". Birinci məşq uğursuz oldu, mənə "tənbəl və avara" dedilər. Bəlkə də məhz bu sözlər mənim jonqlyor kimi fəaliyyətim üçün təkan rolunu oynadılar.

 

- Öz qeyri-adi şlyapalarınızı haradan əldə edirsiniz?

— Əvvəllər dükanlara gedərək müxtəlif cür şlyapalar alırdım. İndi özüm onları tikməyi öyrənmişəm, öz atelyemi də aça bilərəm.

- Nömrələrinizin unikallığı nədədir?

— Məncə, tamaşaçılar jonqlyorun əlində top, həlqə, ip görməyə öyrəşiblər. Şlyapalarla nömrə göstərməyin mümkün olduğunu, onlarla maraqlı və mürəkkəb fəndlər edilə biləcəyini ağıllarına gətirmirlər. Yəqin ki, tamaşaçı üçün ən vacibi ünsiyyətdir. Mən onlara öz enerjimi, gülüşümü bəxş edirəm, mənə görə narahat olmağa məcbur edirəm. Əlbəttə ki, günəşli Azərbaycanın bir hissəsini onlara bəxş edirəm.

- Bundan əlavə siz həmçinin əhliləşdirlimiş meymunlarla səhnədə çıxış edirsiniz. Sizcə, heyvanlarla işləyəndə əsas nədir?

— Məncə, əsas sevgi, qayğı və heyvanın xarakterini bilməkdir.

 

—  İşinizdə ən çox xoşunuza gələn nədir?

— Mən zalla işləməyi və ondan emosiyalar və enerji almağı xoşlayıram. Bütün zalın əl çalaraq "Afərin! Bravo!" dediyi zaman aldığım emosiyaları sözlə ifadə etmək olmur. 

- İndi nə üzərində işləyirsiniz?

— Mən öz üzərimdə işləyirəm. Həmişə deyirəm ki, mükəmməlliyin sərhədi yoxdur. Nömrələri çətinləşdirirəm, ustalığımı artırıram, yeni şeylər fikirləşirəm. Hazırda məni Moskvadakı Nikulinin sirkinə işə dəvət ediblər. Orada mən sentyabradək işləyəcəyəm. Fürsətdən istifadə edərək hamını öz tamaşama dəvət edirəm! Orada öz bakılılarımı görməkdən məmnun olacağam.

Xəbər lenti
0