BAKI, 21 mart — Sputnik. Ağ Evdə ABŞ prezidenti Donald Trampın böyük qızı İvankanın iş otağı olacaq. Lakin prezidentin 35 yaşlı qızı onun administrasiyasında hansısa vəzifəni tutmayacaq.
Politico nəşrinin İvanka Trampın vəkili Ceymi Qorelikə (Jamie Gorelick) istinadən yaydığı məlumata görə, məxfi materiallara girişi olan prezident qızı faktiki olaraq Donald Trampın müşaviri səlahiyyətlərini icra edəcək. Onun başlıca vəzifəsi atasının "gözü və qulaqları" olmaqdır.
Xəbərə görə, İvankanın kabineti Oval otaq tərəfdə, Ağ Evin qərb hissəsində yerləşəcək.
Donald Trampın dünya liderləri ilə görüşündə iştirak edən İvanka, o cümlədən Kanadanın baş naziri Castin Trudo (Justin Trudeau) və Almaniya kansleri Angela Markellə danışıqlarda da iştirak edib.
İvankanın vəkilinin sözlərinə görə, prezident qızının Ağ Evdə olması qohumbazlıqla mübarizəyə yönəlmiş Amerika qanunvericiliynə zidd deyil.
Cünki məvacib almayan İvankanın hansısa rəsmi vəzifəsi yoxdur və o, sadəcə könüllü olaraq müşavir səlahiyyətlərini yerinə yetirəcək.
Bir qədər əvvəl Trampın qızının həyat yoldaşı Cared Kuşneri (Jared Kushner) Ağ evdə baş müşavir vəzifəsinə təyin etməsi rezonans doğurmuşdu.
Tənqidçilər Kuşnerin diplomatik təcrübəsi olmadığını vurğulamışdılar.
Tramp kimi onun kürəkəni də böyük iş adamıdır. Daşınmaz əmlak imperiyası ona atası Çarlz Kuşnerdən miras qalıb.
Deyilənlərə görə, Tramp kürəkəninin fikirləri ilə hesablaşır.
Kuşner Trampın seçkiqabağı kampaniyası zamanı internet-strategiyalarına rəhbərlik edərək yüksək rütbəli əməkdaşların işə cəlb olunması məsələləri ilə məşğul olub.
Kuşneri baş müşavir təyin edən Tramp İsrail və Fələstin münaqişəsinin həlli istiqamətində danışıqların aparılmasını kürəkəninə tapşırıb.
Trampın sözlərinə görə, yəhudi ailəsində böyüyən Kuşner bu regionu və insanları yaxşı tanıyır.