BAKI, 19 mart — Sputnik. Almaniyanın Türkiyədəki səfiri Martin Erdman kürdlərin PKK terror təşkilatının rəmzinin nümayiş etdirildiyi Frankfurt mitinqi ilə əlaqədar Türkiyənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bu barədə Türkiyə xarici siyasət idarəsinin bəyanatında bildirilir.
"Bizi Almaniya hökumətinin Frankfurtda PKK terror təşkilatının rəmzi və onun rəhbərinin şəklinin nümayiş etdirildiyi yürüşə (18 mart) icazə verməsi narahat edir. Bu, ikili standartların yolverilməz nümunəsidir", — deyə bəyanatda qeyd olunur.
XİN qeyd edib ki, Almaniya hökuməti terrorçuların tərəfdarlarına Türkiyə konstitusiyasına düzəlişlərə dair referendum mövzusu ilə bağlı şüarlar səsləndirməsinə icazə verdiyi halda, Türkiyə parlamentarilərinin səsvermə öncəsi təşviqat üçün bu ölkədə yaşayan vətəndaşları ilə görüşməsinə hər vəchlə mane olmağa çalışır.
"Biz bu ədalətsiz mövqeyi pisləyirik. Bizim reaksiyamız Almaniyanın Ankaradakı səfirinin diqqətinə çatdırılıb", — deyə bəyanatda bildirilir.