BAKI, 19 mart — Sputnik. Azərbaycanın ən təmtəraqlı bayramı yetişdi. Sputnik Azərbaycan-ın əməkdaşı Novruz bayramı öncəsi əhali arasında kiçik sorğu keçirib: "Hazırki şəraitdə maddi durumunuz bayram hazırlıqları üçün kifayət edirmi" deyə. Beləliklə:
Cəmilə Hətəmxanova: "Hazırda iki təbəqə formalaşıb: imkanlılar və imkansızlar. Birincilər üçün hər gün bayramdır. İkincilər isə birtəhər Novruzu yola verəcəklər".
Rumiyyə Miraslan: "İlk olaraq qeyd edim ki, bütün adət-ənənələrə riayət etmək üçün maddiyyat o qədər də önəmli deyil. Yəni sadaladığın təamları bişirməsək də, mağazadan bir-ikisini alıb süfrəyə düzmək olar. Öz uşaqlığımızdakı kimi qeyd etmək üçün isə hazırkı maddi durumumuz imkan vermir. Qozun, fındığın, badam ləpəsinin qiymətləri od tutub yanır. İkincisi isə cəbhədə gedən döyüşlər, verdiyimiz şəhidlər bayram əhval-ruhiyyəsinə təsir edir".
Azər Kərimov: "Əlbəttə, bayramı qeyd etmək üçün mart ayının gəlişini gözləmək lazım deyil. Bayram günləri qiymətlər daha artıq olur. Kommunal xərcləri, gündəlik tələbatları nəzərə alsaq, bayrama hazırlaşmaq bir az çətin olur. Burada söhbət bayramı daha yaxşı keçirmək, qapıya atılan papaqları boş qaytarmamaq, qonaq gedib pay aparmaq və s.-dən gedir ki, buna da il ərzində hazırlaşmaq lazımdır. Bu səbəbdən də şəxsən mən hər dəfə rayondan Bakıya (evə) gələndə ucuz və keyfiyyətli olsun deyə, çərəz ya başqa şeylərdən alıram. Həm bayrama hazırlıq olsun, həm də digər günlərdə istifadə olunsun deyə".
Ülkər Abdullayeva: "Biz elə millətik ki, qonşudan borc almaq da olsa, mütləq şəkərbura-paxlavanı bişirməliyik. Ya da eşidəndə ki, qohum-əqrəbada kiminsə onları bişirmək imkanı yoxdur, özümüz artıq bişirib onlara da pay göndəririk. Amma ümumi ölkə üzrə götürsək, gündəlik xərcləri qarşılamaqda belə, maddi sıxıntılar olur".
Nuranə Allahverenova: "Çətin də olsa, gücümüz çatan qədər bayram tədarükü görəcəyik".