Rusiyanın NTV telekanalı və Sputnik Beynəlxalq İnformasiya agentliyinin "Sən supersən!" layihəsində iştirak edən azərbaycanlı Xoşqədəm Mehdiyeva ilk turda uğurlu çıxışdan sonra təəssüratlarını bölüşüb.
"Mənim üçün gözlənilməz oldu. Münsiflərin yaşıl işığını görəndə özümü itirdim" — Xoşqədəm bildirib.
Onun ifasından sonra səhnəyə Xoşqədəmi dəstəkləmək üçün müğənni EMİN (Emin Ağalarov) çıxıb.
Münsiflər heyətinin tərkibinə daxil olan müğənni Yolka (Ёлка), prodüsser Viktor Drobış yaşıl düyməni basmaqla Mehdiyevanın ikinci tura keçməsini təmin ediblər.
Azərbaycanı müsabiqədə Bakıdan Pərvanə Alcanova və Gəncədən Xoşqədəm Mehdiyeva təmsil edirlər. Onlar NTV telekanalının kastinqləri nəticəsində bu hüququ qazanıblar. Pərvanə Alcanovanın ilk çıxışı fevralın 18-də olub. "Ana" mahnısını ifa edən Alcanova ikinci tura çıxa bilib.
Rusiyanın NTV telekanalı və Sputnik Beynəlxalq İnformasiya agentliyinin "Sən supersən!" layihəsi fevralın 11-də start götürüb. Layihədə valideyn himayəsindən məhrum olmuş istedadlı uşaqlar iştirak edirlər.