BAKI, 18 mart — Sputnik. Peruda güclü yağışlar nəticəsində meydana gələn sel nəticəsində 67 nəfər həlak olub. Sel və torpaq sürüşmələri nəticəsində minlərlə insan təxliyyə edilib və yüzlərlə insan evlərinin damında köməksiz qalıb.
Sputnik Azərbaycan-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, ölkədə yağışlar səbəbindən daşan çaylar 115 min evə zərər vurub, 117 körpü çöküb və yollar bağlanıb. Sel səbəbilə bölgədə bəzi kəndlər boşaldılıb. Dövlət başçısı Pedro Pablo Kuçinski 1998-ci ildən bu günə qədər belə fəlakət yaşanmadığını bildirib.
Sinoptiklər ərazidə güclü yağışların daha iki həftə davam edəcəyini bildiriblər. Ölkə ərazisində fevral ayından başlayan sel fəlakətində fevral ayı ərzində 23 nəfər ölüb, 37 nəfər yaralanıb. 72 min insanın zərər gördüyü sel zamanı 15 min bina zərər görüb, 994 bina, körpü və 46 km yol sıradan çıxıb.
Xatırldaq ki, sel fəlakəti ilə əlaqədar ölkənin paytaxtı Lima başda olmaqla bir çox şəhərlərində fövqəladə vəziyyət elan edilib.