Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 16 mart — Sputnik. Bu gün Lənkəranda Dəmiryol Vağzalı qarşısında ərzaq yarmarkası keçirilir.
Novruz bayramı ilə əlaqədar təşkil edilən yarmarka səhər saat 09:00-da başlayıb. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Xalid Rəhimovun verdiyi məlumata əsasən, yarmarkanın təşkil edilməsində əsas məqsəd bazarlarda süni qiymət artımının qarşısının alınmasıdır: ”Rayonda və bölgədə fəaliyyət göstərən ərzaq istehsalı müəssisələrinin hamısı cəlb edilib. Yarmarkada satışa çıxarılan məhsullar əsasən bölgədə və rayonda və eləcə də paytaxt Bakıda istehsal edilən ərzaq məhsullarıdır, bazardan fərqli olaraq 20-25% aşağı qiymətə satılır, kənd təsərrüfatı məhsulları isə 30-35% ucuz qiymətə satışa çıxarılıb”.
Xalid Rəhimov bildirib ki, ümumilikdə yarmarkada 30-dan yuxarı şirkət və müəssisələrin istehsal etdiyi 450-455 ton ərzaq və yeyinti məhsulları satışa çıxarılıb. Qeyd edək ki, yarmarkada Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov da iştirak edərək yarmarkanın təşkil olunması və satışa çıxarılan məhsulların qiymətləri ilə maraqlanıb.