BAKI, 16 mart — Sputnik. Bu günlərdə bəzi mətbuat orqanlarında qaz sayğacları ilə bağlı ilginc məlumat yayılıb. Bildirilir ki, "Azəriqaz" İstehsalat Birliyinin abonentlər üçün quraşdırdığı "Elster G-4″ markalı qaz sayğacının istismar müddəti 5 ildir.
"5 il keçdikdən sonra avtomatik olaraq həmin sayğaclar 1 m3 əvəzinə, 2 m3 qaz sərfiyyatı qeyd edir. "Azəriqaz" yetkililəri bu faktdan xəbərdar olsalar da, öz mənafeləri üçün abonentlərə bu haqda məlumat vermirlər" — deyə yayılan məlumatlarda vurğulanır.
Sputnik Azərbaycan-ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayevlə əlaqə saxlayıb. Qurum rəsmisi yayılan məlumatların həqiqətə uyğun olmadığını deyib.
"Sayğacların işləklik müddəti yoxdur. Sayğacın nasaz işləməsi ilə bağlı problem yaranarsa, abonent bizə müraciət edir. Belə problem aşkarlanırsa, bu zaman sayğac çıxarılır və dövlət yoxlamasına göndərilir" — Kərbəlayev bildirib.
Onun sözlərinə görə, yoxlanışa qədər abonent qazsız qalmır və yeni sayğacla təmin olunur: "Yoxlamada sayğacın zavod istehsalı qüsuru aşkarlanırsa, bu zaman "Azəriqaz" tərəfindən abonent üçün pulsuz yeni sayğac quraşdırılır. Yox, əgər abonentin sayğaca müdaxiləsi aşkarlanırsa, bu zaman abonent yeni sayğacın pulunu ödəməli olur".
"Sayğaclar xaricdən xarici valyuta ilə alındığına görə, məzənnəyə görə qiyməti dəyişir. Bir sayğac, təxminən 200 manat civarındadır" — "Azəriqaz" sözçüsü qeyd edib.
Mətbuat xidmətinin rəhbəri onu da bildirib ki, təmsil etdiyi qurumun yerli idarələri tərəfindən sayğaclara daimi nəzarət olunur: "Eyni zamanda abonentlərin özlərinin də sayğaclarının necə işlədiyini yoxlamaq imkanları var. Nə qədər qaz istifadə ediblərsə, özləri nəzarət edə bilirlər".