BAKI, 16 mart-Sputnik. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (DGT) ölkəyə şəxsi avtomobili ilə daxil olan xarici ölkə vətəndaşlarına xəbərdarlıq edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, DGT-nin saytında "Azərbaycan Respublikasının ərazisinə müvəqqəti qaydada nəqliyyat vasitəsi gətirən şəxslərin nəzərinə" elanı yerləşdirilib.
"Müvəqqəti qaydada gətirdiyiniz nəqliyyat vasitəsini müəyyən olunmuş müddət ərzində geri qaytarmalısınız. Nəqliyyat vasitəsini geri qaytarmadan ölkə ərazisini tərk etmək üçün onu Bakı şəhəri üzrə Avtonəqliyyat Baş Gömrük İdarəsində, Bakı şəhərindən kənarda isə öz seçiminiz əsasında istənilən ərazi gömrük orqanında gömrük nəzarəti altında yerləşdirməlisiniz" — deyə elanda bildirilir.
DGK həmçinin xəbərdar edib ki, xarici ölkə vətəndaşı nəqliyyat vasitəsini geri qaytarmadan və ya gömrük nəzarəti altında yerləşdirmədən ölkə ərazisini tərk etmək istədikdə, sərhəddən buraxılmayacaq.