BAKI, 16 mart — Sputnik. Rusiyanın məşhur cizgi serialı "Maşa və Ayı"dakı bir epizod YouTube-da iki milyarddan çox baxış toplayıb. Beləliklə də o, videoservisdə ən çox izlənilən epizod olub.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə xəbəri "Animakkord" kinoşirkətinin mətbuat xidməti verib.
"Maşa+Sıyıq" ("Maşa i kaşa") seriyası Castin Biber, Bruno Mars və Teylor Svift kimi məşhurların ən çox izlənilən klip çarxları sırasında beşinci yeri tutub.
Bu, onluq reytinqinə düşən yeganə animasiya videosudur.
Sözügedən epizod YouTube-yə 31 yanvar 2012-ci ildə qoyulub.
"Maşa və Ayı" cizgi serialının müxtəlif epizodlarını hər gün YouTube-də 3 milyona qədər adam izləyir.
"Animakkord" studiyası "Maşa və Ayı" ailə cizgi serialını 2009-cu ildən yaymağa başlayıb. Hazırda o, bütün dünyada uğur qazanıb. Onun yayım hüququnu Netflix, Turner, KIKA, France TV, Sony Music, NBC Universal, Televisa kimi məşhur şirkətlər alıb.