BAKI, 15 mart — Sputnik. Şəhərin bütün polisləri həbs edilib və onların silahları əllərindən alınıb.
Sputnik Azərbaycan Meksika Informador-una istinadla xəbər verir ki, hadisə Meksikanın Jalisco əyalətinə bağlı olan Ocotlan şəhərində baş verib.
Informador saytı Jalisco baş prokurorluğundakı bir mənbəyə istinadla xəbər verib ki, bu addım polis məmurlarının cinayətkarlara qarışmış ola biləcəyi barədə şübhələrə əsasən atılıb. Rəsmilər bu məsələ ilə bağlı heç bir məlumat verməyiblər.
Həbs olunan polislər dindirildikdən sonra onların vəzifələrində qalıb-qalmayacaqları müəyyən ediləcək.
Prokurorluq nümayəndəsi rəsmilərin susqunluğunu kriminalların polis böhranından istifadə edib şəhərdə yeni cinayətlər törədə biləcəyindən ehtiyatlanmaları ilə izah edib.
Son zamanlar şəhərdə polis qiyafəsində və saxta sənədlərlə polisin adından istifadə etməklə bir sıra şəxslərin kriminal əməllər törətməsi məlum olub. İndi Jalisco baş prokurorluğu kimin polis, kimin kriminal ünsür olduğunu ayırd etməyə çalışır.