BAKI, 15 mart — Sputnik. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin kollektivi Novruz bayramı ərəfəsində gücləndirilmiş iş rejimində çalışacaq. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.
O, qeyd edib ki, sərnişin daşımaları Departamentinin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür: "Bayram ərəfəsində sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 20-25, bəzən də 30 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək".
Xatırladaq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.