BAKI, 15 mart — Sputnik. Aşıq Şəmşir 15 mart 1893-cü ildə Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Ağdabanlı Qurban Aşıq Ələsgərin müasiri və dostu idi. Sənətkar ailəsində doğulan Şəmşir çox keçmədən el yığıncaqlarında tanınmağa başlayıb.
Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaratmışdı. Onun 40-dan artıq şəyirdi (şagirdi) vardı.
İlk dəfə musiqişünas Əminə Eldarova Aşıq Şəmşirin ifasında 75 aşıq havasını lentə köçürüb. İndi Azərbaycan Dövlət Radiosunun qızıl fondunda mühafizə olunan bəzi lent yazıları Əminə xanım tərəfindən 1958-ci ildə yazılan saz havalarıdır.
Aşıq Şəmşirin “Şerlər” adlı ilk kitabı 1959-cu ildə “Akademiya” nəşriyyatı tərəfindən buraxılıb. Sonralar müəyyən fasilələrlə ustad sənətkarın “Qoşmalar”, “Seçilmiş əsərləri”, “Dağ havası”, “Şerlər”, “Öyüdlər” və s. kitabları işıq üzü görüb. Aşıq Şəmşir 1980-ci ildə, 87 yaşında dünyasını dəyişib.