CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda “İlaxır çərşənbə” qeyd olunur

© Sputnik / Murad OrujovПраздничное шествие в преддверии Новруза
Праздничное шествие в преддверии Новруза - Sputnik Azərbaycan
Abunə olmaq
Novruz ərəfəsində sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. Bu çərşənbə xalq arasında “İlaxır Çərşənbə” və ya “Torpaq çərşənbəsi” adlanır

BAKI, 14 mart — Sputnik. Bu gün Azərbaycanda Novruzun çərşənbələrindən sonuncusu — “İlaxır çərşənbə”dir.

Novruz ərəfəsində sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. Bu çərşənbə xalq arasında “İlaxır Çərşənbə” və ya “Torpaq çərşənbəsi” adlanır. İnama görə Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar. Sonuncu, həm də “ilaxır çərşənbə”də bağ-bostan, dirrik yerləri əkinə hazırlanır. Evlərdə süfrəyə yaşıllıq nişanəsi, təbiətin canlanmasının rəmzi olan səməni qoyulur.

Bayram xonçasının ortasına səməni qoyulur, ətrafı isə boyanmış yumurta, qoz, fındıq, badam və şirniyyatlarla bəzədilir. Deyilənə görə, ilin axır çərşənbə gecəsini öz evində qeyd etməlisən. Əks halda Novruzu yeddi il dalbadal başqa yerdə qarşılayacaqsan. İlaxır çərşənbədə bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Axşam qulaq falları qurulur. Subaylar qonşu evlərin qapısının arxasında gizlənərək ilk eşitdikləri sözə uyğun təzə ildə onları gözləyən hadisələri öncədən bilməyə çalışırlar. Bu səbəbdəndir ki, axırıncı çərşənbə axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur. 

Axır çərşənbə axşamı subaylar duzlu kökə yeyib yatır, su içmirlər. Gecə yuxuda içməyə kimsə su verirsə, o, yuxu görənin qismətidir.

Bu gün Bakıda “İlaxır çərşənbə” günü təntənəli şəkildə qeyd olunacaq. Saat 09.30-da metronun “İçərişəhər” stansiyası və Bakı Şəhər İcra Hakimiyyəti binasının arasındakı sahədə — qala divarları önündə toplaşaraq Novruz personajları — Dədə Qorqud, Bahar qızı, Kosa, Keçəl  və musiqi qruplarının iştirakı ilə dəvələr, süvarilər  faytonların müşayiəti ilə böyük bayram karvan  Suraxanı “Atəşgahı”na  yola düşəcək. Bayram karvanı Bakı Şəhər İcra Hakimiyyətindən hərəkətə başlayaraq İstiqlaliyyət küçəsi, “Beşmərtəbə dairəsi”, Heydər Əliyev Sarayının yanından keçməklə metronun “Sahil” stansiyası, Hökumət evi, Ali Məhkəmənin qarşısından hərəkət edib Heydər Əliyev prospektinə çıxacaq və metronun “Koroğlu” stansiyasından hava limanı avtomagistralı ilə hərəkət etməklə Suraxanı “Atəşgahı”na istiqamətlənəcək.

“Atəşgah”dan od götürən bayram karvanı geriyə qayıdaraq hava limanı avtomagistralı, Heydər Əliyev prospekti, 28 May küçəsini keçərək Heydər Əliyev Sarayının arxasından keçməklə “Fəvvarələr meydanı”ndan “Gənclər meydanı”na gələrək bayram tonqalı alovlandırılacaq və Dədə Qorqudun Novruz xeyir-duası ilə saat 19.00-da incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq olacaq.

Bu il bahar Azərbaycan ərazisinə martın 20-si Bakı vaxtı ilə təxminən saat 14:29 gələcək.

Xəbər lenti
0