BAKI, 13 mart — Sputnik. “Bizim konvertasiya oluna bilən valyuta ehtiyatlarımız xarici borcumuzdan 5 dəfədən də çoxdur. Başqa sözlə, əgər istəsək, biz xarici borcumuzu bir neçə aya ödəyə bilərik və xarici borcumuz sıfır olar”. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşü zamanı deyib.
“Biz işsizliyi 5 faizə, yoxsulluğu isə 6 faizdən aşağı endirməyə nail olmuşuq. Azərbaycanda məşğulluğun səviyyəsi əsasən çox əlverişli biznes mühiti və investisiya mühiti sayəsində qalxıb. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 200 milyard dollardan artıq investisiya yatırılıb. Bu proses davam edir və ümidvarıq ki, bu il də çox sayda şirkət investisiya yatıracaq" — Prezident bildirib.
"Çox yaxşı haldır ki, indi onlar təkcə neft və qaz sahəsinə deyil, həm də xidmət, turizm, otel biznesinə, kənd təsərrüfatına investisiya yatırırlar. Xarici və yerli şirkətlərin bütün investisiyaları lazımi şəkildə qorunur. Buna görə də, bu, Azərbaycana investisiya yatırmaq üçün əlavə stimul və maraq yaradır. Eyni zamanda, regionda güclü iqtisadi mövqeyə, qonşularla yaxşı əlaqələrə və güclü maliyyə ehtiyatlarına malik olaraq biz strateji əhəmiyyət kəsb etdiyini düşündüyümüz sektorlara podratçılar cəlb edə bilərik” — İlham Əliyev əlavə edib.