Ramil İbrahimov, Sputnik Azərbaycan
BAKI, 13 mart — Sputnik. Bərdə rayonunda pambıq becərən fermerlər tədarükçü şirkətlərdən birinin müqaviləyə əməl etmədiyini deyirlər. Belə ki, müqavilədə yüksək məhsuldarlıq əldə edən fermerə təhvil verdiyi pambığın pulundan əlavə mükafat veriləcəyi göstərilib. Pambığın qəbulu ötən ilin dekabr ayında yekunlaşsa da, torpaq sahibləri bu günə qədər mükafat olaraq göstərilən məbləği ala bilmədiklərini iddia edirlər.
Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan Bərdənin Xan-Xanımlı kəndinin sakini Nizami Nəcəfov ötən il 3 ha sahədə pambıq becərdiyini bildirir: "Hər hektardan 45 sentnerə yaxın məhsul əldə etdim. Təhvil verdiyim hər kq pambıq üçün zavod mənə 51 qəpik ödədi. Amma bu günə qədər, yüksək məhsuldarlıq əldə etdiyimə görə müqavilədə göstərilən əlavə mükafat məbləğini ala bilmirəm".
Nəcəfovun sözlərinə görə, onun kimi onlarla sakin də oktyabr ayında pambığı yığıb təhvil verib: "Şirkətin becərmə üçün verdiyi pulu da ödəmişik. Təhvil verəndən bir gün sonra pambığın pulunu gedib bankdan almışıq. Amma müqavilədə göstərilib ki, yüksək məhsuldarlığa görə əlavə ödəniş olmalıdır. Ona görə mənə əlavə 650 manat ödəniş edilməlidir, amma bu günə kimi ödənilməyib".
Ötən il 24 ha sahədə pambıq becərən Bərdənin Boy-Əhmədli kənd sakini Əziz Seyidov da eyni problemlə üzləşib. Dediyinə görə, zavoda 61 ton pambıq təhvil verib və artıq 4 aya yaxın müddət keçməsinə baxmayaraq, ona çatmalı olan mükafat məbləğini ala bilmir.
"25 sentner məhsul götürmüşəm. 20 sentnerdən yuxarı olanda mükafat verilməliydi. Zavoddan deyirlər, "verəcəyik". Elə deyirlər, "pambıq ək". Keçən il 24 hektar əkmişdim, bu il 34 hektara müqavilə bağlamışam. Bizi aldatdılar ki, mükafatınızı verəcəyik, amma yoxdur" — Əziz Seyidov bildirir.
Məsələ ilə bağlı sözügedən tədarükçü şirkətin rayonda fəaliyyət göstərən Bərdə Pambıq Zavodundan Sputnik Azərbaycan-a bildirdilər ki, ötən mövsüm 2300 tona yaxın pambıq qəbul edilib: "Fermerlər müqavilədə göstərilən qiymətlə öz pullarını alıblar. 20 sentnerdən yuxarı məhsuldarlıq əldə edən 65 nəfər müqaviləçi var ki, onların əlavə mükafat məbləğləri ödənilməyib".
Zavoddan əlavə olundu ki, emal müəssisəsi "CTS-Agro" MMC-nin tərkibində fəaliyyət göstərir: "Vəsait də həmin şirkət tərəfindən verilir. Şirkətdən isə zavoda mükafatların veriləcəyi dəqiq vaxt deyilməsə də, yaxın günlərdə ödəniləcəyi bildirilib".