BAKI, 12 mart — Sputnik. Gürcüstanda polis əməkdaşları və xüsusi təyinatlılar sübh tezdən Acarıstanın paytaxtı Batuminin Çavçavadze küçəsini gecə boyu iğtişaşlar törətmiş etirazçılardan təmizləyib.
Sputnik Gürcüstan-ın verdiyi xəbərə görə, asayişin bərpası zamanı 40-dək insan saxlanılıb.
Agentliyin məlumatına əsasən, xüsusi təyinatlılar rezin güllələrdən istifadə edərək ərazini etirazçılardan tamamilə təmizləməyə nail olublar. Şəhərdə iğtişaş iştirakçılarının müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat davam etdirilir.
İğtişaş şəhərin mərkəzində düzgün parklanmamış avtomobilə görə cərimə yazılması ilə başlayıb. Cərimə ilə razılaşmayan sürücüyə digər insanlar da qoşulub və hadisə böyüyüb.
Hazırda şəhərə dəymiş ziyanın həcmi müəyyənləşdirilir. İğtişaşların episentri olmuş Çavçavadze küçəsində avtomobillər yandırılıb, səkilər, vitrinlər, işıqforlar, mağazalar və s. obyektlər dağıdılıb.
İğtişaşlar zamanı azı 30 nəfərin xəsarət aldığı bildirilir, onların yarısı polisdir. Hadisənin gedişində Acarıstan Ali Sovetinin deputatı İrakli Çeişvili də xəsarət alıb.