BAKI, 12 mart — Sputnik. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Fransa Respublikasına rəsmi səfərə gedib.
Azərbaycanın və Fransanın dövlət bayraqlarının dalğalandığı Parisin Orli beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Sputnik Azərbaycan president.az-a istinadla xəbər verir ki, İlham Əliyevi Fransanın yüksək vəzifəli rəsmi şəxsləri qarşılayıblar.
Dövlətimizin başçısı səfər zamanı Fransanın ali rəhbərliyi ilə görüşəcək. Görüşlərdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı, aktual problemlər müzakirə ediləcək.
Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun üç həmsədr dövlətindən biridir. Diplomatik mənbələr Azərbaycan prezidentinin səfəri zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin əsas müzakirə mövzularından biri olacağını bildirib.
Xatırladaq ki, martın 10-da Prezident İlham Əliyev Fransa Respublikası Senatında Fransa-Qafqaz Dostluq Qrupunun rəhbəri Andre Reyşarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdi.