Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 11 mart — Sputnik. Qax rayonunun Əlibəyli kəndi yaxınlığında çay yatağında naməlum qadın meyiti aşkarlanıb.
Sputnik Azərbaycan-ın bölgə müxbirinini verdiyi məlumata görə, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları meyiti bu gün saat 16:00 radələrində tapıblar.
Onlara rayonun Əlibəyli kəndinə gedən yolun yaxınlığından keçən çayda qadın meyiti olduğu barədə məlumat daxil olub.
Hadisə yerinə baxış zamanı meyitin 20-25 yaşlarında gənc qıza aid olduğu müəyyən edilib.
Tapılan meyit ekspertiza olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qax rayon şöbəsinə verilib.
Hazırda Qax rayon Polis İdarəsinin və rayon prokurorluğunun əməkdaşları qadının şəxsiyyətinin müəyyənləşdirilməsi, eyni zamanda hansı şəraitdə ölməsi istiqamətində araşdırmalar aparır.