İradə Cəlil, Sputnik Azərbaycan
(İstanbulda — III yazı)
BAKI, 10 mart — Sputnik. İstanbulda olduğum 3-cü günün axşamı yolumu Nişantaşı-İstiqlal küçəsindən saldım. Bura İstanbulun "göbəyi"dir. Əcnəbi turistlər, bahalı mağazalar, restoranlar, bir də salfet satan azyaşlıların bol olduğu məkan.
Türkiyənin müxtəlif bölgələrindən bu şəhərə gəlib iş tapa bilməyənlər ya ayaqqabı boyamaqla məşğul olur, ya da küçə musiqiçiliyi ilə. Əslən İzmirdən olan 21 yaşlı Nihat deyir ki, gitara çalmağı uşaqlıqdan öyrənib.
O, İstanbulda universitetə daxil olduğu üçün burada kirayədə yaşayır: "İstanbulda iş tapmaq asan məsələ deyil. Evin kirayə haqqı, yemək, geyim… Valideynlərimin buna gücü çatmırdı. Qərara gəldim ki, gitaramı da götürüm, bacardığım musiqiləri ifa edim, bəlkə qazandım. Qazandım da! Hər gün heç olmasa 50-100 TL pulum olur".
Yaradıcı qabiliyyətləri olmayanlar isə İstanbulda dilənçiliklə məşğuldurlar. Heç onlar da az qazanmırlar. Metroda, funikulyorda, qatarda, bir sözlə, hər addım başında qarşını kəsib pul istəyən bir dilənçi var.
İstanbulun turistləri isə çadralı ərəblər, suriyalılar, özbəklərdir. Avropalılar terror səbəbindən Türkiyəyə gəlməyə qorxurlar.
Necə oldu ki, Türkiyə terrorun hədəfinə çevrildi?
Türk hüquqşünas Rəcəb Akyürek deyir ki, Türkiyədə terrorun daxili və xarici səbəbləri var: "Xarici səbəblər iki hissəyə ayrılır: Birinci səbəb, başqa ölkələrin və təşkilatların bilərəkdən terroru dəstəkləmələridir. Bu zaman xarici ölkə və təşkilatlar Türkiyədəki hər faktoru qiymətləndirib, dəyərləndirirlər və etnik, dini və s. qollara ayrılmış teror qruplaşmaları yaradır, dəstəkləyirlər. Təbii ki, burada ölkələrarası, millətlərarası rəqabətdə özünə düşmən gördüyü və ya düşmən ola biləcək ölkənin inkişaf etməməsi üçün terror yaratmaq və onu dəstəkləməkdir. Bu da ölkəni məhv etmək üçün yetərlidir".
Hüquqşünasın fikrincə, ikinci səbəb "Böyük Orta Şərq Layihəsi" çərçivəsində qonşu ölkələrdə olan laqeydlik, Suriya və İraqda idarəetmədə olan boşluqlardır: "Bu idarəetmə boşluğu nəticəsində dünyanın ən böyük terror təşkilatları Türkiyəyə rahatca yol tapır. Çünki bu iki ölkə ilə Türkiyə arasında uzunluğu 1200 kilometr olan sərhəd var. Belə bir sərhədi nəzarət altında saxlamaq mümkün deyil. Yəqin bilirsiniz, Tramp belə, Meksika ilə sərhədi qorumaq üçün divar hörülməsini əmr edib".
Akyürek bildirir ki, Türkiyənin, xüsusən də İstanbulun terror hədəfi olmasının daxili səbəbləri də var: "Türkiyədəki siyasətçilərin asan səs yığmaq üçün bölücülük hərəkətlərinə və kütləvi hərəkətlərə qarşı laqeydlik göstərməsi, cəmiyyətə feodallar tərəfindən verilən təhsil cəhalətinin hələ də davam etməsi, keyfiyyətli bir cəmiyyət yetişdirilməməsi nəticəsində öz ideologiyasında və ya inancında terroru qəbul edən təşkilatın olması, insanlara səmimiyyət əvəzinə intiqam düşüncələri aşılanması və nəhayət, bu vəziyyətin kənar kəşfiyyat xidmətləri tərəfindən uyğun hesab edilib, dəyərləndirilməsi İstanbulun hədəfə çevrilməsinə gətirib çıxarıb".
"Ən önəmli səbəblərdən biri də terrorla mübarizə qanunlarının tez-tez dəyişməsi, terrorla mübarizə aparanların mühakimə edilməsi, açılım zamanı ölkəyə soxulan və hər yerə partlayıcı yerləşdirən, silah gətirənlərin görməzdən gəlinməsidir. Bir də çox önəmli bir məsələ var. Terrorla mübarizə aparan ölkələr mütləq terror təşkilatlarının liderlərini öldürür. Amma bizim ölkəmiz bunu heç vaxt etməyib. Təşkilatın mərkəzində yer alan heç bir terrorçu öldürülməyib. Amma hamısını öldürmək imkanlarımız hər zaman olub" — Akyürek əlavə edib.
Turisti qaçıran iki səbəb
Onun dediyinə görə, Türkiyədə baş verən teror hadisələri turizmə də təsirsiz ötüşməyib. Bundan əlavə, hüquqşünas hesab edir ki, rus səfir Andrey Karlovun öldürülməsi yayda mütləq turizmə öz təsirini göstərəcək: "Ölkədə terror olduğu üçün həqiqətən də çox sayda avropalı turist Türkiyəyə gəlməkdən qorxur".
İstanbul həm də bahalı şəhərdir. Bir tərəfdən terror qorxusu, digər tərəfdən qiymətlərin baha olması turistləri çox sevdikləri bu şəhərdən uzaqlaşdırır.
R. Akyürek deyir ki, rəsmi statistikaya görə, İstanbulda 15 milyon adam yaşayır: "İşləməyə, oxumağa gələnləri və turist kimi səfər edənləri də nəzərə alsaq, bu rəqəm 30 milyona çatır. Ölkə əhalisinin ¼-nə sahib olması şəhərin istehlak səviyyəsini də artırır. Əhalinin çox olması, ehtiyacların çoxalması və müxtəlifləşməsi qiymətlərə də təsir edir. Xüsusilə qida, təhsil, xidmət və inşaat sektoru bu qiymət artımından təsirlənib".
"İstanbul həm ticarət, həm də turizm üçün ölkənin ən önəmli nöqtəsidir. Bunun nəticəsi olaraq lüks istehlak da var" — həmsöhbətimiz vurğulayır.
Hazırda İstanbulda 50-dən çox universitet var. Və bu universitetlərə dünyanın hər yerindən tələbələr oxumağa gəlirlər. İstanbul əhalisinin artımının bir hissəsi də buradan qaynaqlanır.
(ardı var)