BAKI, 10 mart — Sputnik. Dəyişiklikləri özündə ehtiva edən "Əmək pensiyaları haqqında" qanun layihəsində 98 maddə yer alır. 3 maddə qanuna yeni müddəaların əlavə edilməsini nəzərdə tutur. 75 maddə mövcud maddələrə əlavə və dəyişikliklərin edilməsidir. 20 maddə isə mövcud qanunvericilikdəki bəzi müddəaların ləğvini nəzərdə tutur.
Sputnik Azərbaycan xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev parlamentdə çıxışı zamanı deyib.
O, bildirib ki, dəyişikliyə görə, pensiya almaq üçün 12 illik staj məhdudiyyəti aradan qaldırılır. Fərdi hesabdakı kapitalın 144-ə bölünməsindən alınan məbləğ minimum pensiya məbləğinə bərabər və ondan yuxarı olduqda şəxs stajından asılı olmayaraq, pensiya təyinatı hüququ qazanır.
“Sosial sığorta stajının pensiya hüququnun yaranma baxımından stimullaşdırıcı rol oynaması, yəni, 25 il sosial sığorta stajı olan şəxs sığorta kapitalı məbləğindən asılı olmayaraq ən azından minimum məbləğdə pensiya hüququ qazanır” — deyə o qeyd edib.
Onun sözlərinə görə, hazırda mövcud olan əmək pensiyalarının baza hissəsi sığorta hissəsinə birləşdirilir və bütün pensiya məbləği fərdi hesablarda toplanan sığorta kapitalı əsasında müəyyənləşdirilir: “Bunun üçün ödənilən sığorta haqlarının fərdi hesablara yönəldilən hissəsi mövcud 50 faizdən 85 faizə qaldırılır. Bu dəyişikliklərə görə, ayrı-ayrı şəxslərin fərdi hesablarda toplanmış və hələ pensiya təyinatından istifadə olunmamış şərti kapital məbləği yenidən eyni qaydada hesablanacaq”.
Nazir müavini bildirib ki, hazırda indeksləşdirmə yalnız pensiyanın sığorta hissəsinə aid edilir: “Artıq illik indeksləşdirmə bütün pensiya məbləğinə şamil olunacaq. Layihəyə əsasən, pensiya artımı istehlak qiymətləri indeksinə görə deyil, əmək haqqının illik artım tempi əsasında aparılacaq”.