İlham Əhmədov, Sputnik Azərbaycan
BAKI, 10 mart — Sputnik. İsmayıllı rayonunda partlayış hadisəsi baş verib. Hadisə bu gün axşam saatlarında İsmayıllı şəhərindəki mərkəzi bazarın yanında yerləşən çayxanalardan birində qeydə alınıb. Yerli sakinlərin Sputnik Azərbaycan-a bildirdiklərinə görə, bir nəfər şəxs çayxanaya daxil olaraq əlindəki partlayıcı vasitəni insanların üstünə ataraq qaçıb.
Partlayış zamanı rayonun Günəşli qəsəbə sakini, 1986-cı il təvəllüdlü Məlikov Səfa Fikrət oğlu və Yuxarıbaş kənd sakini 1994-cü il təvəllüdlü Heydərli Asiman Əhməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən İsmayıllı şəhər sakini, 1969-cu il təvəllüdlü Kazımov Zakir Əhməd oğlunun saxlanıldığı bildirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.