BAKI, 10 mart — Sputnik. Azərbaycanın həm daxilində, həm də ölkədən kənarda bəzi şəxslər, qurumlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklikləri məhdudlaşdırma kimi qiymətləndirməkdə maraqlıdırlar.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu millət vəkili Əflatun Amaşov parlamentdə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, dünyanın bir çox qabaqcıl ölkələrində internet hüquqi münasibətlər sistemində çıxış edir. Bu o deməkdir ki, internet məkanı virtuallıqdan reallıq müstəvisinə daxil olub: “Nəticədə, konkret məsuliyyət növləri müəyyənləşib. Azərbaycanda eyni proses gedir və getməlidir. Əlbəttə ki, müəyyən məsələlər var ki, onlarla bağlı mübahisə etmək olar. Çünki mahiyyətcə bu sahə yenidir, dinamikdir, hər zaman nəyinsə müzakirəsinə ehtiyac var. İndiki dövrdə unutmamalıyıq ki, biz müharibə şəraitində yaşayırıq. Ölkəmizin informasiya təhlükəsizliyi üçün internet məkanının da tənzimlənməsi zəruridir”.
“Hər kəs əmin olsun ki, bu dəyişikliklər heç də söz və ifadə azadlığının məhdudlaşdırılması demək deyil” — o qeyd edib.
Millət vəkili hesab edir ki, dəyişikliklər ilk növbədə jurnalistika, peşənin təəssübünü çəkən adamlar üçün faydalıdır.