BAKI, 9 mart — Sputnik. Efirlərdə səhərdən-axşama qədər reklam edilən tikinti şirkətləri, şəhərciklər, qida məhsulları, onları reklam edən sənət adamlarının simasında tanınır, reklam edənlərin şəxsiyyətindən asılı olaraq qəbul edilir. Bu yerdə yada Kamal Sunalın (Şaban) oynadığı "Yüz numaralı adam" filmi düşür. Sizə o filmdəki kimi reklamlara inanıb, aldanan insanlardan danışmaq fikrindəyik.
Bu günlərdə Sputnik Azərbaycan-a "Yeni Bakı" Yaşayış Kompleksinin bir qrup sakini müraciət edərək "Eliş və Roşka"nın reklamına inanıb ev aldıqlarını, amma aldandıqlarını bildiriblər. "Roşka" personajının yaradıcısı, "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri Tahir İmanov mətbuata açıqlamasında bildirib ki, sözügedən reklam çarxı 3-4 il əvvəl təmənnasız olaraq çəkilib: "Həmin narazı sakinlər niyə o zaman dillənmirdilər, indi etiraz edirlər? Oranın sahibi bizim yaxın dostumuzdur. Ona görə də həmin reklam tamamilə təmənnasız çəkilib. Aramızda heç bir kontrakt-filan bağlanmayıb. Sadəcə, biz reklam çarxı çəkiləndə orda yaşayan sakinlərlə söhbət elədik. Əksəriyyəti razılıq eləyirdi, məmnun idi. Təbii ki, hamını qane etmək asan məsələ deyil. İnsanların sayı qədər rəylər və fikirlər olacaq. Ona görə də həmin iradları qəbul eləmirəm. Bizim bu məsələdə heç bir qəbahətimiz yoxdur".
İmanov bildirib ki, sözügedən sakinlər sənət adamlarını qınamaqdansa, dərhal əlaqədar qurumlara müraciət edib haqqını tələb etməliydilər: "Yalnız Azərbaycanda belə bir hal ola bilər ki, belə məsələlərdə sənət adamından narazılıq eləsinlər. Qanunvericiliyə görə, problemi kim yaradırsa, o da cavabdehlik daşımalıdır. Problemi kim yaradıb? MTK? Qoy ona da müraciət etsinlər. Amma insanlar da anlamalıdırlar ki, bu problemlər müvəqqəti xarakter daşıyır. Hər yerdə çətinlik var. Hər yer böhran içindədir. Ola bilər ki, həmin şirkətin də belə problemi yaransın. Düşünürəm ki, onlar bu məsələni həll edəcəklər".
Tahir İmanov Sputnik Azərbaycan-a açıqlamasında bu barədə əlavə nə isə demək fikrində olmadığını bildirib: "Sakinlər narazıdırlarsa, "Yeni Bakı" Yaşayış Kompleksinin rəhbərliyi ilə əlaqə saxlasınlar! Nə istəyirsiniz, yazın! İstəyirsiniz yazın ki, biz pis adamıq, xalqın düşməniyik. Mənim bir sözüm kifayət deyilmi? Mən bu haqda açıqlama vermək istəmirəm. Mən heç bu barədə oxumamışam da, maraqlanmıram da. Mənim həyatımda daha böyük problemim var, Qarabağ problemi, ailəmdə olan problemlər və s. Bu mövzu mənim üçün bağlanıb artıq".
Əlahəzrət Qanun nə buyurur?
Bundan öncə də müxtəlif sənət adamlarının çəkildiyi reklamlarla bağlı bu kimi problemlər yaşanıb. Turan İbrahimin reklam etdiyi "Sevil" massivini, Murad Dadaşovun reklam etdiyi GEN MMC-nin mənzil fırıldaqlarını yada salmaq kifayətdir.
Xatırladaq ki, "Reklam haqqında" Qanunun 4-cü maddəsinin 2-ci bəndində qeyd olunur ki, reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalı, rəqiblərinin istehsal etdiyi, reklam edilən əmtəə ilə eyni, yaxud onun əvəzedicisi olan başqa əmtəələrin bazar nüfuzuna xələl gətirməməlidir. Həmin qanunun 6-cı maddəsində bildirilir ki, haqsız reklama yol vermək olmaz.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsində də qeyd olunur ki, haqsız, qeyri-dəqiq və gizli reklama yol verən reklamverici, reklam yaradıcısı, reklam istehsalçısı, reklam yayıcısı və reklam agenti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyır.
"Eliş və Roşka" bizə yalan danışar?
Bu məsələnin qanunvericilik tərəfi. Bir də məsələnin mənəvi tərəfi var. Sənətçilər kimlərdir? Özlərini insanlara mənəvi qida verməyə həsr etmiş adamlar. İnsanlar sənətçiləri niyə sevirlər, onlara niyə inanırlar, onlardan niyə sınırlar? Çünki həmişə onlardan umurlar. Umduqları şey onlarla dürüst rəftar etmələridir. Axı arada mənəvi qida söhbəti var.
İndi, "Yeni Bakı" sakinləri də "Eliş" və "Roşka" kimi tanınan, məşhur Tahir və Cabir İmanov qardaşlarının avtoritetinə, səmimiyyətinə inanıblar, güvəniblər. Zatən reklamçı şirkət də, "camaat bu adamları sevir, onlara rəğbət bəsləyir" deyə onları reklamlara çəkib.
Dünyada bütün reklamçıların üstünlük verdiyi çox doğru taktikadır. Əgər alıcıya təklif etdiyin malın brendə çevrilməsini istəyirsənsə, bunun ən asan yolu brendə çevrilmiş insanlardan istifadə etməkdir. "Yeni Bakı"nın rəhbərliyi də bu yolu seçib və düz edib. Fikirləşib ki, "Eliş" və "Roşka" onun kompleksinə prestij gətirəcək. Camaat baxıb deyəcək: "Eliş və Roşka" — sevimli personajlarımız, ünlü simalar bizə yalan danışmazlar, axı. Necə ola bilər ki, onlar bizi aldatsınlar?"
Həm də sadə vətəndaş ev almaq üçün yaşayış kompleksinin rəhbərinin şəxsiyyətini, sülaləsini, soy-kökünü araşdıracaq deyil ki. O reklama baxır, reklamda ona tanış olan simaları, sevdiyi insanları görür, eşidir, bu, onlara cəlbedici görünür və seçim imkanı qazandırır. Sakinlər "Yeni Bakı"dan evi onun rəhbəri filankəs müəllimə görə deyil, məhz "Eliş" və "Roşka"ya görə alıblar. Axı hamının tikinti kompleksinin rəhbərliyinin şəxsiyyətini araşdırmaq lüksü yoxdur.
"Yüz numaralı adam" olmaq…
Qayıdaq lap əvvəldə bəhs etdiyimiz "Yüz numaralı adam" filminə. O filmin də qəhrəmanı reklam simasıdır. Soyuducunu, geyimləri, evləri və s. reklam edir. Sonda istehsalçıların fırıldaqları barədə ona inanan, onu sevən insanlara həqiqəti deməyi özünə borc bilir. Əlinə mikrofonu götürüb camaata müraciətlə deyir: "Bir gün bu adamlar mənim başımı bişirib sizin qarşınıza çıxardılar. Niyə? Sizi aldatmaq üçün. "Xalq səni nə qədər sevərsə, o qədər inanar" dedilər. "Xalq quzu kimidir" dedilər, "nə verərsən, yeyər". Əvvəl nə baş verdiyini başa düşmürdüm. Amma başa düşdüyüm zaman, artıq çox gec idi. Dərdləri əlinizdə olan 5-10 quruşu qapmaq idi. Əvəzində 10 para etməz malı sizlərə sırımaq. Xədicə nənə evinə konserv aldı, xarab çıxdı, soyuducu aldı, xarab çıxdı, əyninə paltar aldı, o saat cırıldı, dərman aldı, sağalmadı, şampun aldı, saçı töküldü. Elə hey pul tökdü, amma əvəzində həmişə aldadıldı. Sən, Haqqı əmi, pensiyanı yığıb "bir evim olsun", deyəcəksən, yuvamdır deyib içinə girdiyin ev başına çökəcək. Sən ölmüsən, amma kimin vecinədir? Məqsəd sənin pulunu almaq idi. Pulunu ver, sonra dərdini kimə deyirsən de… İndi də mənə milyonlar verirlər ki, bunları sizə deməyim. Mən sizə hər şeyi dedim, məni bağışlayın, haqqınızı halal edin".
Şabana qulaq asan aldadılmışlar alqışlayırlar və onu başlarının üstünə qaldırırlar. Şaban onu yalançı reklama cəlb edən insanları şəxsən cəzalandırır.
İndi "Eliş"lə "Roşka"ya düşən də həmin filmin qəhrəmanı kimi etmək idi. Camaatı günahlandırmaq yox, camaatın qarşısına çıxıb üzr istəmək və onları camaatın yanında üzüqara edən kompleksin rəhbərinin dərsini vermək. O kompleksin rəhbəri dostları olmuş olsa belə. Bunu bacarmırsınızsa, susun barı…