BAKI, 9 mart — Sputnik. Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın ikinci dəfə məhkəmə qarşısına çıxarılıb. Proses zamanı prokuror İlhan Aşkın üçün 80 saat dövlət üçün işləmək və iki il göz həbsi (nəzarət altında olmaq) qərarı tələb edib.
Hollandiyada fəaliyyət göstərən “ Ana Vətən” Niderland-Azərbaycan Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyevanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, əslində hadisənin başlanğıcı 3 il əvvələ təsadüf edir: “2014-cü il iyun ayının 1-də Hollandiyanın Almelo şəhərində ermənilər qondarma "soyqırımı" abidəsini qoydular. Bura ikinci Ermənistan sayılır. Burada çoxlu erməni yaşayır və hətta kilsələri belə var. Buna etiraz olaraq Türk Federasiyası, yəni burada yaşayan Türkiyədən olan türklər tərəfindən böyük bir mitinq təşkil edildi. İlhan bəy də həmin mitinqdə iştirak etdi. Çıxışı zamanı “Qarabağ ermənilərə məzar olacaq” şüarını səsləndirdi. İnsanlar da onun arxasınca təkrar etdilər. Çox izdihamlı bir mitinq idi”.
Bu mitinqdən sonra Böyük Ermənistan Federasiyası İlhan Aşkını məhkəməyə verdi. İddiada qeyd edilir ki, o, xalqlar arasında nifaq salır, aranı qızışdırır.
İddiada həmçinin qeyd edilir ki, Böyük Ermənistan Federasiyası dünyadakı ermənilər üçün də narahatdır: “Onlar ailələri üçün də qorxduqlarını iddiada qeyd ediblər. Qısacası bu insanı faşist kimi qələmə verirlər. Hətta “Mehter” marşına da iradlarını bildiriblər ki, bu insanlar niyə döyüş ruhu ilə gəliblər. Amma bu məhkəmə haqqında məlumat İlhan bəyə keçən ilin sonlarında məktubla bildirilir. İlhan bəyə məktub göndərilir. İki dəfə məhkəmə prosesi keçirilib. Sonuncu məhkəmə bu günlərdə keçirildi. Mən özüm də məhkəmədə iştiark etdim. Biz ilk gündən etibarən İlhan Aşkına dəstək olmuşuq, onun arxasındayıq. İlhan Aşkına dəstək olaraq facebookda səhifə yaratdıq. Mənim rəhbərlik etdiyim təşkilatla yanaşı, burada Avropa Azərbaycanlılarının Dostları Cəmiyyəti də fəaliyyət göstərir. Onun sədri Leyla Babayevanın təşkilatçılığı ilə İlhan Aşkın haqqında petisiya imzalamağa başladıq. Petisiyamız hələ davam edir. Bununla yanaşı burada fəaliyyət göstərən Odlar Yurdu Cəmiyyətinin sədri Firəngiz Bağırova da İlhan Aşkına dəstək verir. Məhkəmədə prokuror İlhan bəyin 80 saat dövlətə işləməyini və iki il hüquq-mühafizə orqanlarının nəzarətinə götürülməsini tələb etdi. Burada olan qanunlara görə, iki il səhv hərəkət edə bilməzsən, etdiyin hər kiçik səhvə görə cəzalandırıla bilərsən”.
M. Ağamirzəyeva bildirir ki, İlhan Aşkına veriləcək 1 saat iş belə diasporu günahkar duruma sala bilər. Buna görə də Azərbaycan və Türkiyə adına fəaliyyət göstərən təşkilatlar İlhan Aşkını bacardığı qədər müdafiə etməlidir.