BAKI, 8 mart — Sputnik. Avrokomissiyanın Fransada prezident seçkilərində "Milli cəbhə"nin lideri Marin Le Penin qalib gəlməsi halı üçün "B planı" yoxdur. Sputnik Azərbaycan-ın Die Zeit-ə istinadən verdiyi məlumata görə, iqtisadi və maliyyə məsələləri üzrə avrokomissar Pyer Moskovisi belə bir fikir işlədib.
"Mən uzun illərdir siyasətlə məşğulam və siyasi təcrübəm mənə deyir: "B planı"nı hazırlamaq mümkün deyil. Əgər bunu edirsinizsə, demək artıq "A planı"na inanmırsınız. Bizim "A planı"mız Le Penin uduzmasından ibarətdir. Ümid edirəm ki, böyük fərqlə uduzacaq. Bu, fransızların onun sözünə inanmadıqlarının vacib göstəricisi ola bilər" — deyə Moskovisi bildirib.
Avrokomissarın sözlərinə görə, Le Penin qələbəsi "bildiyimiz Avropanın sonu olar".