BAKI, 7 mart — Sputnik. Azərbaycan Banklar Assosiasiyasında (ABA) yenilənmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi" Qaydalarından irəli gələrək banklar qarşısında yaranmış öhdəliklərlə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatasının və ABA-nın nümayəndələri, eləcə də bankların ekspertləri arasında görüş keçirilib. ABA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, yeni qaydalara əsasən, ixrac olunan malların (işlərin, xidmətlərin) müqabilində əldə olunmuş vəsaitin Azərbaycana köçürülməsinə Palata nəzarət edəcək.
Bundan irəli gələrək, Palata ixrac olunan malların müqabilində vəsaitlərin ixracatçılarının bank hesablarına köçürülüb-köçürülmədiyinə nəzarətini banklar tərəfindən verilən məlumatlar əsasında həyata keçirəcək. Bunun üçün hər bir bank, müştərisi olan ixracatçının ixrac etdiyi malın dəyərinə dair məlumatı elektron olaraq əldə etməli, həmin məlumat əsasında vəsaitin daxil olub-olmamasını müəyyən etməli və buna dair müvafiq məlumatını elektron olaraq daxil etməli olacaq.
Məsələ ilə bağlı keçmiş deputat, iqtisadçı-ekspert Nazim Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, valyuta nəzarəti haqqında qanuna uyğun olaraq ixrac olunmuş malın ödənişi həyata keçirilir və bunun da monitorinqi aparılır: "Kommersiya təşkilatları mal və məhsullarını ixrac etməkdə azaddır. Elə məqamlar ola bilər ki, onların xarici tərəfdaşları malın dəyərini vaxtında ödəmirlər və yaxud malın dəyəri müqabilində ölkəyə digər mallar ixrac edirlər. Onda həmin müqavilələrə dəyişiklik olunmalıdır. Bunlara əvvəllər də Mərkəzi Bank gömrük orqanlarının verdiyi bəyannamələrə uyğun olaraq nəzarəti həyata keçirib. Heç vaxt bu, nəzarətsiz olmayıb".
Ekspertin fikrincə, bu, daha çox dövlət mülkiyyətində olan şirkətlərə aiddir: "Son aylarda, illərdə valyuta ilə bağlı problem yarandığına görə, sərtləşdirilmə əsas olaraq dövlət şirkətlərinin satdığı mallara çıxışı olan şirkətlərə aiddir. Neft-kimya məhsulları və yaxud digər məhsullar müxtəlif, törəmə şirkətlər vasitəsilə xaricə satılır. Onların vəsaitləri illər boyu ölkəyə gətirilmir. Və yaxud ixrac aşağı qiymətlər ilə rəsmiləşdirilir, gömrük bəyannaməsində aşağı qiymətlərlə göstərilir və xaricdə başqa şirkətlər, müəyyən maliyyə mexanizmləri vasitəsilə baha satılır. Burada kifayət qədər yayınmalar var idi".
"Mövcud qanunvericilikdə belə bir tənzimləyici maddə var ki, dövlətə məxsus olan şirkətlərin satdığı malların ödənişi əvvəlcədən həyata keçirilməlidir. Ancaq çox zaman bundan sui-istifadə olunurdu. Bu və ya digər formada müvafiq icra hakimiyyəti bu məsələlərə göz yumurdu. Ona görə bu, daha çox sahibkarlıq, özəl sektor ilə bağlı deyil. Daha çox dövlət şirkətlərinə aiddir. Hansılar ki, müxtəlif törəmə şirkətlər, kommersiya təşkilatları vasitəsilə bu malları xaricə satırlar və o vəsaitlər ölkəyə qayıtmır. Beləliklə, valyuta qıtlığı yaranır" — N. Məmmədov bildirib.
Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a açıqlamasında, onsuz da sahibkarların bütün maliyyə hesablarının banklarda olduğunu deyib: "Xaricdən pulları məhz bank hesabları vasitəsilə alırlar. Digər tərəfdən maliyyə monitorinq fəaliyyətini də Palata həyata keçirir. Bizdə 1 il əvvəl maliyyə monitorinq xidməti var idi və o, ləğv olundu. Hazırda şöbə kimi Palatanın tərkibindədir. Ölkənin maliyyə nəzarətini Palata həyata keçirir. Bu baxımdan ixrac olunmuş mallara görə vəsaitin daxil olunmasına da nəzarət onsuz da Palatanın işidir".
"Ölkəyə nə qədər pul gəlməsi ilə bağlı nəzarət olmalıdır. Sadəcə bunun mexanizmi elə olmalıdır ki, sahibkarların hüquqları pozulmasın, sui-istifadə hallarına yol verilməsin" — deyə o qeyd edib.
Ə. Həsənovun sözlərinə görə, amma bəzi sahibkarlar yenə də pulları bank hesablarına otuzdurmurlar: "Pul bank hesabına gəlməlidir. Ola bilər ki, kimsə gedib xaricdən pulu nağd gətirsin. Amma onsuz da o pul ölkəyə daxil olanda bəyan edilməlidir. Əsas odur, sui-istifadə halları olmasın, sahibkarların kommersiya sirləri açıqlanmasın".
İqtisadçı-ekspert Natiq Cəfərli isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, hökumət və Mərkəzi Bank ancaq iqtisadi, stimullaşdırıcı addımlarla buna nail ola bilər: "Məsələn, ixracat edən şirkət və yaxud da fiziki şəxs vəsaitin tamamını ölkəyə qaytarırsa, ona bonuslar vermək, hər hansı bir formada vergi güzəştləri tətbiq etmək, müəyyən logistik dəstəklər göstərmək olar. Ancaq stimullaşdırıcı və maraq yarada biləcək addımlarla bu məsələlərdə müəyyən uğur qazanmaq olar. Sırf inzibati yollara əl atsalar, düşünürəm ki, əksinə, ciddi problemlər yaşanacaq".