BAKI, 7 mart — Sputnik. Bu gün Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 13 məsələ daxil edilib.
İclasda Milli Məclis komitəsinin üzvünün seçilməsi, A.S.Quliyevin, V.Ə.Xubanovun və A.Q.Babayevin Mərkəzi Bankının İdarə Heyətinin üzvləri təyin edilməsi məsələlərinə baxılacaq. Plenar iclasda Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi dinləniləcək, "Məktəbəqədər təhsil haqqında" qanun layihəsi müzakirə olunacaq.
"Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Sərhəd qoşunları haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Telekommunikasiya haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Reklam haqqında" qanunlarda dəyişikliklərə baxılacaq. İclasda "Əmək pensiyaları haqqında" qanunda dəyişikliklər birinci oxunuşda müzakirəyə çıxarılacaq.