BAKI, 6 mart — Sputnik. ABŞ hökuməti yenidən İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasına qadağa qoyub.
Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, əvvəlcədən viza alan şəxslərin istisna təşkil edəcəyi bildirilir.
Xatırladaq ki, yanvarın 27-də D. Tramp İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi proqramını 120 gün müddətinə dayandırıb.
Bundan sonra ABŞ-ın Siettl federal məhkəməsi prezident Donald Trampın miqrasiya siyasətini sərtləşdirən fərmanının icrasını müvəqqəti təxirə salıb. Qərar Vaşinqton və Minnesota ştatları tərəfindən qaldırılan iddia əsasında hakim Ceyms Robart tərəfindən qəbul olunub. Bütün ölkə ərazisində qüvvəyə malik məhkəmə qərarı ABŞ hökumətinə yeni fərmanın şamil olunduğu şəxslərin deportasiyasını qadağan edir. ABŞ administrasiyasının məhkəmənin qərarından verdiyi apelyasiya şikayəti təmin edilməyib.