BAKI, 6 mart — Sputnik. Rusiyanın Ankaradakı səfiri Andrey Karlovu öldürən polis məmuru Mevlüt Mert Altıntaşla, hadisədən əvvəl bir neçə dəfə telefonla danışan rus qadın tutulub.
Sputnik Azərbaycan Türkiyənin "Sabah" qəzetinə istinadla xəbər verir ki, Rusiya səfirinin öldürülməsi ilə bağlı araşdırma zamanı FETÖ-çü qatil Mevlüt Mert Altıntaşın Yekaterina B. adlı rus qadınla ötən ilin noyabrında telefonla danışdığı müəyyən edilib. Rusiyadan gətirilən qadınları Ankarada iş adamlarına satdığı iddia edilən Yekaterina şühhəli şəxs qismində saxlanılıb.
19 dekabr 2016-cı il tarixində Ankara Çağdaş Sənətlər Məkəzində FETÖ üzvü olan Çevik Polis əməkdaşı Mevlüt Mert Altıntaş tərəfindən öldürülən Andrey Karlovla bağlı istintaq zamanı sui-qəsdçi ilə bağlı ilginc məlumatlar ortaya çıxıb. Ankara Cümhuriyət Baş Prokurorluğu qatillə telefonla danışan Yekaterina B.-nin şəxsiyyətini müəyyənləşdirərək həbs edib. Bu zaman məlum olub ki, Yekaterinanın işi Rusiyadan gətirilən qadınları türk müştərilərə satmaq imiş.
Şübhəli şəxs qismində ifadə verən Yekaterina Mevlüt Mert Altıntaşla telefonla danışmadığını, lakin onunla WhatsApp-la mesajlaşdığını boynuna alıb. Rus şübhəli 2 internet səhifəsi vasitəsilə fahişəlik və qadın alveri ilə məşğul olduğunu da etiraf edib. Yekaterinanın internet səhifələrinin köməyi ilə qədim peşə sahibləri olan rus qızlarını türk kişilərə satdığı, sözügedən qızlarla kişilərin onun vasitəçiliyi ilə Ankaradakı beşulduzlu otellərdə görüşdüyü məlum olub.
"Rusiyadan gətirdiyim qızları Ankaranın beşulduzlu hotellərinin varlı müştərilərinə satıb, fahişəlikdən pul qazanırdım" — deyə qadın bildirib. O, bu məsələlərdə ona Ankaranın Çankaya səmtində olan bir bərbərin də yardım etdiyini söyləyib.
Yekaterina prokurorluqda dindirildikdən sonra haqqında həbs qətimkan tədbiri seçilib və o, həbsxanaya göndərilib. Hələlik şübhəli şəxslə bağlı materialların araşdırılması davam edir. Onun Mevlüt Mert Altıntaşla əlaqələrinin detalları araşdırılır.
33 yaşlı Yekaterina 21-23 noyabr 2016-cı il tarixlərində bir neçə dəfə sui-qəsdçi ilə telefonla danışıb. Üstəlik, WhatsApp vasitəsilə mesajlaşıb. Onların telefon danışıqlarının və mesajlarının detalları barədə proses yekunlaşandan sonra ictimaiyyətə məlumat veriləcək.