BAKI, 6 mart — Sputnik. Azərbaycanlı dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri, Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olan, Azərbaycan milli istiqlal hərəkatının öndəri Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə (31.1.1884-1955) Ankarada vəfat edib.
1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.
1918-ci ildə Zaqafqaziya Seymində Azərbaycan fraksiyasına rəhbərlik edib, həmin il mayın 27-də Azərbaycan Milli Şurasının sədri seçilib. Xalq Cümhuriyyətinin süqutundan iki il sonra — 1922-ci ildən başlayaraq mühacirət həyatı yaşayıb.
Avropada, Türkiyədə Azərbaycan mühacirətinə rəhbərlik edib.
Müxtəlif illərdə Türkiyədə, Polşada, Almaniyada, Rumıniyada Azərbaycanın istiqlalı uğrunda mübarizəsini davam etdirib.
Dövrün bir çox mətbu orqanlarında yazılarla çıxış edib. “Əsrimizin Səyavuşu”, “Azərbaycan şairi Nizami”, “Çağdaş Azərbaycan ədəbiyyatı" və s. əsərlərin müəllifidir.
Rəsulzadənin "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olub.