Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda gəlirlərin yenidən bölüşdürülməsinə başlanacaq

© Sputnik / Murad OrujovНалоговый кодекс Азербайджанской Республики
Налоговый кодекс Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Vergi yükünün böyük bir qismi iri vergi ödəyicilərinin üzərinə qoyulacaq

BAKI, 6 mart — Sputnik. "Azərbaycanda növbəti dövrlərdə riskin daha yüksək olduğu fəaliyyət sahələrində çalışan sahibkarlıq subyektləri üçün nəzərdə tutulan yoxlama mexanizmləri, onlara təhkim olunan vergi əməkdaşlarının sayı, eyni zamanda, səyyar yoxlamaların sayı bir-birindən fərqləndiriləcək. Yəni, risk qrupu yüksək və aşağı olanlar fərqləndiriləcək".

© Photo : Seymur Kərimli / Interview.azİqtisadçı-ekspert Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənov  - Sputnik Azərbaycan
İqtisadçı-ekspert Rəşad Həsənov

Bunu, vergilər naziri Fazil Məmmədovun Avropadaxili Vergi Administrasiyaları Təşkilatının saytında yerləşdirilmiş məqaləsini Sputnik Azərbaycan-a şərh edən iqtisadçı-ekspert Rəşad Həsənov deyib. Onun sözlərinə görə, növbəti dövrlərdə iri vergi ödəyiciləri üzərində daha çox fokuslanma nəzərdə tutulur: "Vergi yükünün böyük bir qismi daha çox iri vergi ödəyicilərinin üzərində cəmləşdiriləcək. Bu, haradasa gəlirlərin yenidən bölüşdürülməsi ilə bağlı məsələdir və dünya ölkələrində, xüsusilə də sosialyönümlü dövlətlərdə daha çox tətbiq olunan mexanizmdir".

"Məsələn, hazırda ABŞ-da bunun əksinə bənzər bir model vəd olunur. Tramp çalışır ki, iri vergi ödəyicilərinin yükünü azaltsın. Amma hazırda Azərbaycanın dövlət siyasəti daha çox sosialyönümlü görünür. Bu baxımdan da iri vergi ödəyicilərinin diqqət mərkəzində olması, onlar üzərində fokuslanma başadüşüləndir. Amma kiçik və orta sahibkarlar nisbətən zəifdir" — iqtisadçı bildirib.

R. Həsənov qeyd edib ki, artıq bir neçə ildir Azərbaycanda tərəfdaşlıq tətbiq olunmağa başlayıb: "Beynəlxalq təcrübədə də uzun müddətdir tətbiq olunur. Tərəfdaşlığın müsbət tərəfi odur ki, əksər hallarda vergi qurumları ilə vergi ödəyicisi arasında müəyyən bir razılaşma olur. Bunun əsasında da vergi qurumları növbəti aylarda, dövrlərdə proqnozlaşdırmanı aparmaqda çətinliklə üzləşmirlər. Eyni zamanda, bu, əksər hallarda vergi ödəyicilərinə bir üstünlük təmin edir. Qarşılıqlı razılaşma varsa, vergi ödəyicisi üçün vergi inzibatçılığının sərt tərəfləri nisbətən geri çəkilir. Operativ, səyyar yoxlamalar və s. tətbiq edilmir. Bu da vergi ödəyicisinin daha rahat şəkildə fəaliyyət göstərməsinə gətirib çıxarır".

Ekspertin fikrincə, Azərbaycan iqtisadiyyatı üçün ən ciddi problemlərdən biri kiçik və orta sahibkarlığın inkişaf etməməsidir: "Bu da məşğulluq üçün böyük təhlükə, risk hesab olunur. Ona görə də növbəti dövrlərdə vergi inzibatçılığının yumşaldılması yolu ilə daha optimal yolların tətbiq edilməsi, məsələn, bəyannamələrin sadələşdirilməsi məsələsinə toxunulur. Əsasən hədəflənən qeyri-neft sektorunun inkişafı və özünüməşğulluğun təmin edilməsidir. Hökumət çalışır ki, növbəti dövrlərdə bu istiqamətdə müəyyən nəticələr əldə etsin. Ölkə iqtisadiyyatında kiçik və orta sahibkarlığın payı 2 faiz, məşğulluqda 3 faizdir. Bu göstəricilər dünya göstərici ortalamasından dəfələrlə aşağıdır. Məsələn, Avropa İttifaqında kiçik və orta sahibkarlığın iqtisadiyyatda payı 60 faizdən çoxdur".

Yəqin ki, növbəti dövrlərdə vergi yükünün azaldılması baş tutacaq. Bir sıra məhsullar var ki, ümumiyyətlə, onların alışı və satışı zamanı sahibkar üçün heç bir gəlir imkanı yaranmır. Sadələşdirilmiş verginin tətbiqi ilə bağlı da mexanizmlərin təkmilləşdirilməsinə ehtiyac var. Bu da nəzərə alınacaq. Növbəti dövrlərdə bunların icrasına diqqət edilməlidir" — Həsənov vurğulayıb.

© Sputnik / Murad Orujovİqtisadçı-ekspert Radil Fətullayev
İqtisadçı-ekspert Radil Fətullayev - Sputnik Azərbaycan
İqtisadçı-ekspert Radil Fətullayev

İqtisadçı-ekspert Radil Fətullayev də Sputnik Azərbaycan-a açıqlamasında vergilər nazirinin məqaləsindəki bəzi məqamları şərh edib. O deyib ki, artıq Vergilər Nazirliyi tərəfindən vergi ödəyicilərinə yanaşmada beynəlxalq təcrübəyə əsasən yeni prinsiplərin tətbiqi nəzərdə tutulur: "Öncə, fərqli dövriyyəyə malik və fərqli sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə fərdi yanaşma prinsipinin tətbiqi gözlənilir".

Mütəxəssisin sözlərinə görə, iri və xüsusi rejimli müəssisələrlə iş prinsipində geniş analitik təhlilə və risklərin qiymətləndirilməsi sisteminə əsaslanan siyasət yürüdüləcəyi gözlənilir: "Həmçinin, bu sahədə elektron auditin tətbiqi ilə yanaşı, vergidən yayınma riskləri fərdi və təfərrüatlı şəkildə aparılacaq, elmi əsaslı iqtisadi təhlillər əsasında proqnozlar müəyyən ediləcək, vergi nəzarəti tədbirləri, o cümlədən səyyar vergi yoxlamaları daha müfəssəl və əhatəli keçiriləcək. Orta gəlirlərə malik müəssisələrlə şəffaf partnyorluq münasibətləri əsasında qurulacaq".

"Kiçik sahibkarlara münasibətdə tamamilə yeni yanaşmalar tətbiq olunması gözlənilir. Artıq nazirliyin strukturunda kiçik sahibkarlarla işləyəcək ayrıca idarələr və vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu şöbələri yaradılıb. Əsas hədəf kimi kiçik və orta sahibkarlığın vergi və inzibati yükünün azaldılması yolu ilə onların fəaliyyətinə daha səmərəli nəzarətdən ibarətdir. Yeni yanaşmaya əsasən, artıq yerli strukturlar, ümumiyyətlə, öz qərarları əsasında vergi nəzarəti tədbirləri keçirməyəcək" — iqtisadçı diqqətə çatdırıb.

R.Fətullayev əlavə edib ki, kiçik və orta sahibkarlıq subyektlərində yoxlamalar təkmilləşdiriləcək: "Səyyar yoxlamaların sayı məhdudlaşdırılacaq və elektron yoxlama metodu tətbiq ediləcək. İKT sahəsində yeni innovativ texnologiyaların tətbiqi sayəsində ƏDV-nin qaytarılması prosesi sürətləndiriləcək. Avropa standartları əsasında fəaliyyət göstərən Çağrı Mərkəzinin fəaliyyəti daha da təkmilləşdiriləcək".

Qeyd edək ki, vergilər naziri Fazil Məmmədovun məqaləsində son aylar ölkəmizin vergi sistemində aparılmış islahatlar, vergi inzibatçılığındakı dəyişikliklərin əsas istiqamətləri şərh edilib.

Xəbər lenti
0