BAKI, 6 mart — Sputnik. 1918-ci il fevralın 16-da ABŞ-a məxsus "Tsiklop" ("Təpəgöz" — red.) hərbi gəmisi Rio-de-Janeyrodan yola çıxıb. Gəmidən sonuncu xəbər martın 6-da Barbados adaları rayonunda qeydə alınıb. O gündən gəmini görən olmayıb. Gəmi 306 nəfər sərnişin və heyətlə yoxa çıxıb.
Hadisə barədə çoxlu sayda versiyalar ortaya atılıb. ABŞ prezidenti Vudro Vilson bildirib ki, "Yalnız Tanrı və dəniz gəminin taleyindən xəbərdardır".
Bermud üçbucağı Bermud adaları, Mayami şəhəri və Puerto-Rikonun arasında yerləşir. Onun sahəsi 1 milyon kvadrat kilometrdən çoxdur. Bu ərazidə mütəmadi olaraq gəmi və təyyarələr yoxa çıxırlar. Bu hadisələr barədə minlərlə versiya mövcud olsa da, sirr açılmır. Bermud üçbucağı barədə çoxlu əsərlər yazılıb və filmlər çəkilib.